oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Missiya, məqsəd, fəlsəfə

Missiya, məqsəd, fəlsəfə

Missiya

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

oil fund

Məqsəd və fəlsəfə

Ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu uzunmüddətli neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə tutan bir sıra sazişlər imzalanmışdır. Bu sazişlərin həyata keçirilməsi onlardan əldə edilən gəlirlərin səmərəli istifadə məsələsini gündəmə gətirmişdir. Məhz bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə ARDNF təsis edilmişdir.

ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını Azərbaycan xalqına Tanrı tərəfindən bəxş edilmiş neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. ARDNF-nin təsis edilməsinin əsas məqsədi ölkəmizin neft sərvətlərinin səmərəli və məqsəd yönlü şəkildə idarə edilməsinə şərait yaratmaqdan ibarətdir.

ARDNF-nin fəaliyyəti ölkə qarşısındakı aşağıdakı mühüm vəzifələrin həllinə yönəlmişdir:

Ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi

Ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi

Neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması

ARDNF büdcədənkənar dövlət təsisatıdır, hüquqi şəxsdir, bank təşkilatlarında hesablaşma və digər hesablara, üzərində Azərbaycan Republikası Dövlət Gerbinin əksi və öz adı olan möhürə, müvafiq ştamp və blanklara malikdir. ARDNF-nin gəlir və xərclərinin dövlət büdcəsi ilə əlaqəsi yalnız dövlət idarəetmə sektorunun ümumiləşdirilmiş gəlir və xərcləri çərçivəsində qurulub və ölkədə vahid makroiqtisadi siyasətin yürüdülməsi məqsədini güdür. ARDNF-nin vəsaitləri dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət təşkilatlarına borc verilməsinə, eləcə də hər hansı bir subyektin öhdəliklərinin təmin edilməsinə istifadə oluna bilməz. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ARDNF-nin normayaratma hüququ yoxdur.