Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) da təmsil olunduğu ADA Universiteti tərəfindən həyata keçirilən Karyera hazırlığı həftəsi başa çatıb. Tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etmək və onların lazımi bilik və bacarıqlara yiyələnməklərinə dəstək olmaq məqsədilə baş tutan Karyera hazırlığı həftəsi boyunca ARDNF-nin yüksək ixtisaslı peşəkarları tərəfindən tələbələrə müxtəlif mövzuları əhatə edən təqdimatlar əsasında interaktiv sessiyalar keçirilib.
2 may tarixində baş tutan sözügedən proqramın bağlanış mərasimində ARDNF-nin İnsan resursları departamentinin direktoru Nigar Braun xüsusi qiymətləndirmə mərhələsindən keçərək qalib seçilmiş və 2 ay boyunca Fondun Yay təcrübə proqramında iştirak etmək imkanı qazanan tələbələri elan edib, onlara müvəffəqiyyətlər arzu edib.
Məlumat üçün bildiririk ki, bu il ümumilikdə 20 şirkət və qurumun qatıldığı Karyera hazırlığı həftəsində 430 tələbə iştirak edib və onlardan 125-i qalib seçilib.