ƏSİ PRİNSİPLƏRİNİN İNVESTİSİYA PORTFELİNƏ TƏTBİQİ
Son dövrlərdə qlobal istiləşmə, resurs qıtlığı, artan sosial bərabərsizliklər, korporativ idarəetməyə keçid kimi trendlər fonunda ətraf mühit, sosial və idarəetmə faktorları (ƏSİ və ya ESG) biznes və investisiya mühitində daha böyük əhəmiyyət daşımağa başlamışdır.
Təcrübə göstərir ki, ƏSİ faktorlarının inteqrasiyası qeyd olunan problemlərin fonunda şirkətlər qarşısına qoyulan tələbləri qarşılamaqla yanaşı, bir çox hallarda uzunmüddətli maliyyə performansının yaxşılaşması baxımından da cəlbedici ola bilir.
Bu baxımdan, dayanıqlı inkişafa töhfə vermək və dövlətə məxsus vəsaitlərin sosial məsuliyyətlə idarə edilməsi milli sərvətin qoruyucusu funksiyasını daşıyan suveren fondların üzərinə düşən vacib öhdəliklərdəndir.
Biz, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) olaraq ƏSİ prinsiplərinin vacibliyini başa düşür, missiya və strateji baxış çərçivəsində ƏSİ-nin investisiya portfelinə inteqrasiyasını təmin etməyi hədəfləyirik.
ARDNF-nin strateji baxışı:
“ARDNF tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi missiyasını ali tutur və uzunmüddətli investisiya fəaliyyətini bu missiyaya sadiq qalaraq həyata keçirir. Bizim niyyətimiz Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsiplərinə sistematik yanaşaraq məqsədlərimizə çatmağa töhvə verəcək investisiya imkanlarını müəyyən etməkdir. Risklər nəzərə alınmaqla maksimal gəlirliliyin əldə olunmasını hədəfləyən bu yanaşma aktivlərimizin real dəyərinin qorunub saxlanması və artırılmasına, bununla da uzunmüddətli maliyyə təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir.”
ARDNF-nin investisiya portfelinin hər bir aktiv növü üzrə ƏSİ göstəricilərinə nəzər salsaq görərik ki, 2023-cü ilin nəticələrinə əsasən sabit gəlirli aktivlər və səhm portfeli üzrə ƏSİ göstəricisi karbon emissiyasına görə bençmarkdan daha aşağı nəticə göstərmişdir. Bundan əlavə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə səhm portfelindəki şirkətlərin 61%-i gender bərabərliyinə, 36%-i iqtisadi inkişaf və 35%-i iqlim dəyişikliyinə müsbət töhfə vermişdir.
Özəl səhm portfelinə gəldikdə isə investisiya fondlarının orta şəffaflıq göstəricisi 9% olduğu halda ARDNF özəl səhm portfelinin göstəricisi 72% olmuşdur. Bu göstərici daşınmaz əmlak portfeli üzrə 73% təşkil etmişdir. Sözügedən sektorun ümumi ortalamasının 11% olduğunu nəzərə aldıqda hər iki aktiv növü üzrə ARDNF portfelinin göstəricisinin kifayət qədər yüksək olması qənaətinə gəlmək olar.
Qeyd edək ki, özəl səhmlər və daşınmaz əmlak üzrə ƏSİ inteqrasiyasının üç istiqamətdə həyata keçirilməsi planlaşdırılır. İlkin olaraq idarəedici şirkətlərin qiymətləndirilməsi, yeni investisiyaların detallı təhlili zamanı ƏSİ üzrə xüsusi hazırlanmış sorğu formalarının göndərilməsi və ARDNF portfelindəki mövcud investisiyaların mütəmadi monitorinqinin həyata keçirilməsi nəzərdə tutulur.