Akrhesabı ödənişlər – Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən vəsaitlərdir.
Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit müəssisə daxili və müəssisədən kənar keçirilir.
Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kredit verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Bonuslar - Hasilatın Pay Bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən mükafatlardır.
Büdcə kəsiri - büdcə gəlirlərinin xərcləri örtməməsi nəticəsində yaranır.
Dividend - müəssisə tərəfindən onun səhm sahiblərinə ödənilən ödəniş növüdür. Bu müəssisənin gəlirlərlərindən səhmdarlara ödənilir. Müəssisə gəlir və ya artıq gəlir əldə edərsə, pulunu yenidən sərməyə yatırımına yerləşdirə bilər.
ƏDV (Əlavə Dəyər Vergisi) - əlavə dəyər vergisi istehlaka tətbiq edilən, mal və xidmətlərin istehsalının və tədavülünün hər bir mərhələsində yaranan əlavə dəyərin bir hissəsinin dövlət büdcəsinə alınmasıdır. ƏDV dolayı vergi olmaqla bu vergi növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür.
Gəlir vergisi - hər bir fiziki şəxsin öz qazancından dövlətə ödədiyi vəsaitdir.
“Hasilatin pay bölgüsü” sazişi (HPBS) - hazırda bazar iqtisadiyyatının yenicə formalaşdığı ölkələrdə daha geniş yayılmış müqavilə münasibətləri formasıdır. Bu forma ilk dəfə ötən əsrin 60-cı illərində (1966-cı ildə) İndoneziyada tətbiq edilib, sonradan Misirdə, Suriyada və başqa ölkələrdə geniş yayılıb. HPB sazişlərinin şərtləri adətən ölkənin milli qanunvericiliyində (əksər hallarda Hasilatın Pay Bölgüsü haqqında qanunda) müəyyən edilir. HPB sazişlərində dövlətə müəyyən vergi və qeyri-vergi ödənişləri ilə yanaşı, hasil olunan neftin (daha doğrusu, “mənfəət neftinin”) bir hissəsi də məhsul formasında çatır.
İcarə haqqı - xarici şirkətlərlə bağlanmış sazişlər (HPBS) çərçivəsində dövlət əmlakından istifadə üçün ödənilən haqlardır.
Kredit - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq şərti ilə, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə təminatla və ya təmənnasız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
Mədən vergisi - ölkə qanunvericiliyində nəzərdə tutulmuş vergi növlərindən biridir və Azərbaycan Respublikasının ərazisindəki və Xəzər dənizinin (gölünün) şelfindəki faydalı qazıntıların çıxarılmasına görə tutulur. Bu vergini yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr ödəyirlər.
Mənfəət - iqtisadi mənfəət və ya mənfəət, müəssisənin ümumi gəliri və mövcud xərcləri arasında müsbət fərqdir.
Mənfəət nefti - Hasilatın Pay bölgüsü sazişlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən xam neftdir.
Müxbir bank - Başqa şəhər və ya ölkədə yerli qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə əməliyyatları və uyğun sənədləşməsini həyata keçirən bankdır. Həmçinin vasitəçi (agent) bank adlanır.
Sərmayəçilər tərəfindən verilən aktivlər - neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondlar, daşınan əmlak və digər aktivlərdir.
Tarif - dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərdir.
Tranzit haqqı - neftin Azərbaycan Respublikasının ərazisi ilə ixrac boru kəməri vasitəsi ilə ötürülməsi üçün edilən ödənişlərdir.
Zərər - müəssisənin ümumi gəliri və mövcud xərcləri arasında mənfi fərqdir.