oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Beynəlxalq təşkilatlarla əməkdaşlıq

Beynəlxalq təşkilatlarla əməkdaşlıq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) aşağıdakı beynəlxalq təşkilatlarla iqtisadi siyasət və tərəfdaşlıq fəaliyyətini həyata keçirir:


  • Dünya Bankı ilə;
  • Beynəlxalq Valyuta Fondu;
  • Amerika Ticarət və İnkişaf Agentliyi;
  • Beynəlxalq Maliyyə Korporasiyası;
  • Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü.

Dünya Bankı ilə əməkdaşlıq

Dünya Bankı

Dünya Bankı (DB) ilə iqtisadi sahədə əməkdaşlığın əsası 2001-ci ildən qoyulmuşdur. DB neft ehtiyatlarını məqsədli idarə etmək, dövlətin institusional imkanlarını artırmaq məqsədilə Azərbaycan hökuməti ilə işləməyə başlamışdır. Bu nüfuzlu təşkilat ARDNF-nin fəaliyyətini, o cümlədən Fondun vəsaitlərinin idarə olunması və illik büdcəsinin tərtibi və icrası qaydalarını tənzimləyən normativ aktların icrası qaydalarının beynəlxalq standartlara uyğunluğuna dair ekspertiza keçirmiş və müsbət qiymətləndirmişdir.

Bu qurumla sıx iqtisadi əməkdaşlığı və ARDNF-nin durmadan artan valyuta ehtiyatlarının düzgün idarə olunmasını koordinasiya etmək məqsədilə 2006-cı ildə Dünya Bankının nümayəndələri müntəzəm olaraq ARDNF-yə səfərlər etmişlər və bu birgə yeni iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaratmışdır. DB-nin bir çox sahələrdə keçirdiyi seminar və treninqlərdə ARDNF-nin əməkdaşları da iştirak etmişlər.

Dünya Bankı ilə ARDNF arasında rəsmi əməkdaşlığın əsası 2006-cı ilin dekabr ayının 6-da imzalanmış “Vəsaitlərin idarə olunması və konsaltinq razılaşması” müqaviləsindən sonra qoyulmuşdur. Bu müqavilənin imzalanmasından sonra 2007-ci ilin 31 yanvar tarixindən etibarən ARDNF 100 milyon ABŞ dolları məbləğində vəsaiti xarici menecer kimi Dünya Bankına idarə etməyə vermişdir.

İmzalanmış bu razılaşma çərçivəsində 2007-ci ilin əvvəlindən başlayaraq ARDNF-nin əməkdaşları DB tərəfindən təşkil olunan seminarlarda iştirak etmişdir. Bu isə öz növbəsində ARDNF-nin əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına, onların peşəkar təcrübə əldə etmələrinə kömək etmişdir. Dünya Bankı tərəfindən keçirilən seminarlar əsasən bir neçə sahəni: idarəetmə və investisiya siyasəti, sabit gəlirli portfelin idarə olunması, portfelin analizi və risklərin idarə olunması, investisiyaların idarə olunması və s. əhatə edir.

Eyni zamanda, Dünya Bankı uzun müddət ərzində əldə etdiyi böyük iş təcrübəsini ARDNF-nin əməkdaşları ilə bölüşmək məqsədilə mütəmadi olaraq onlarla görüşlər keçirir.

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq

Beynəlxalq Valyuta Fondu


Beynəlxalq Valyuta Fondu (BVF) ilə iqtisadi münasibətlərin əsası 2001-ci ildən etibarən qoyulmuşdur. BVF Azərbaycanda bir sıra sahələrdə, o cümlədən dövlət xərclərinin idarə olunması, vergi-gömrük siyasəti və onun idarə olunması, bank nəzarəti, mərkəzi bankçılıq, pul siyasəti və statistika sahələrində texniki yardım göstərmişdir. Bu qurumla əsasən uzunmüddətli neft strategiyasının nəticələrinin təhlili sahəsində əməkdaşlıq aparılır. Həmçinin BVF ölkənin iqtisadi artım tempi barədə rəy verir, büdcəni proqnozlaşdırır, ARDNF-nin aktivlərinin gələcək illərdə nə qədər artım tempinə malik olacağı barədə proqnoz verir. 2009-cu ilin sonunda dünya iqtisadi böhranı demək olar ki, əksər ölkələrin iqtisadiyyatını dondurduğu bir zamanda BVF-nin nəticələrinə əsasən ARDNF öz aktivlərinin idarə edilməsindən gəlir əldə edən yeganə suveren fond olmuşdur.

BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Ninke Oemes ARDNF-nin 2008-2009-cu il iqtisadi siyasətini ideal adlandırmış və çox yüksək qiymətləndirmişdir. O qeyd etmişdir: “Biz Neft Fondunun aktivlərini idarə etmək fəaliyyətini yüksək qiymətləndiririk və onun iqtisadi siyasətinin effektivliyini alqışlayırıq. Neft Fondunun bu cür fəaliyyətinə heç bir şərhimiz və tövsiyəmiz yoxdur.”

Amerika Ticarət və İnkişaf Agentliyi ilə əməkdaşlıq

Amerika Ticarət və İnkişaf Agentliyi

Amerika Ticarət və İnkişaf Agentliyi (TİA) ilə əlaqələr Amerika Ticarət Palatasının nümayəndələrinin ARDNF ilə 2002-ci ildə yaxından tanışlığından sonra başlamışdır.

2004-cü il mayın 19-da TİA ilə ARDNF arasında ARDNF-nin İnstitusional Quruculuğunun təkmilləşdirilməsi layihəsinin birinci mərhələsinin həyata keçirilməsi məqsədilə 1 091 840 ABŞ dolları məbləğində texniki yardım barədə qrant sazişi imzalanmışdır. Qrant sazişini ARDNF-nin İcraçı direktoru S.Şərifov və ABŞ-ın Azərbaycandakı səfiri R.Harniş imzalamışlar. Qrant sazişinə əsasən texniki yardım ARDNF-nin valyuta vəsaitlərinin yerləşdirilməsi işinin təkmilləşdirilməsini, bununla bağlı müvafiq risklərin qiymətləndirilməsini, xarici menecerlərin seçilməsi meyarlarının müəyyən edilməsini və onların iş göstəricilərinin monitorinqini və dəyərləndirilməsini, aktivlərin qeydiyyatı və uçotu üzrə ixtisaslaşdırılmış proqram təminatının alınması üçün tələblərin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Texniki yardım həm də ARDNF-nin struktur bölmələri arasında beynəlxalq standartlara uyğun vəzifə bölgüsünə və qarşılıqlı hesabatlılığa dair təkliflərin təqdim edilməsi, habelə ARDNF-nin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərini əhatə etmişdir. Layihəni həyata keçirmək üçün ABŞ-ın “Overture Financial Services LLC” şirkəti cəlb edilmişdir.

2007-ci il fevralın 7-də TİA ilə ARDNF arasında ARDNF-nin İnstitusional Quruculuğunun təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi məqsədilə 855 075 ABŞ dolları məbləğində texniki yardım barədə qrant sazişi imzalanmışdır. Qrant sazişini ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin Avropa ölkələri üzrə direktoru D.Stayn imzalamışlar. ABŞ-ın “Overture Financial Services LLC” şirkəti tərəfindən həyata keçirilmiş layihənin ikinci mərhələsi investisiya portfelinin idarə olunması sisteminin, gəlirliliyinin qiymətləndirilməsi sisteminin və təkmilləşdirilmiş mühasibatlıq sisteminin seçilməsi və qurulması üçün ARDNF-yə məsləhətçi xidmətlərin göstərilməsini, quraşdırılmış sistemlərin inteqrasiyasını, həmçinin ARDNF-nin valyuta vəsaitlərinin idarə edilməsi üzrə fonddaxili prosedurlar barədə təlimatın yenilənmiş variantının hazırlanmasını nəzərdə tuturdu.

2009-cu il sentyabr ayının 28-də TİA ilə ARDNF arasında ARDNF-nin İnstitusional Quruculuğunun təkmilləşdirilməsi layihəsinin üçüncü mərhələsi üzrə texniki yardım üçün mal və xidmət xərclərinin qismən maliyyələşdirilməsinə dair 250 000 ABŞ dolları məbləğində qrant sazişi imzalanmışdır. Qrant sazişini ARDNF-nin İcraçı direktoru Ş.Mövsümov və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya ölkələri üzrə direktoru S.Qrinit imzalamışlar. Üçüncü mərhələ ARDNF-də risklərin idarə edilməsi sisteminin və ARDNF-nin mütəxəssisləri üçün treninq idarəetmə sisteminin qurulması üzrə məsləhətçi xidmətlərin göstərilməsini nəzərdə tuturdu. Layihəni həyata keçirmək üçün əvvəlki mərhələlərdə olduğu kimi ABŞ-ın “Overture Financial Services LLC” şirkəti cəlb edilmişdir. Layihənin üçüncü mərhələsinin icrası isə 2010-cu ildə başa çatmışdır.

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq

Beynəlxalq Maliyyə Korporasiyası

ARDNF-nin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığı BMK-nın Aktivlərin İdarə Olunması şirkəti tərəfindən təşkil olunan özəl səhm fondlarında investor qismində iştirak etməsi ilə səciyyələnir. BMK Aktivlərin İdarə Edilməsi şirkəti özəl səhm investisiyaları yolu ilə bir çox suveren fondların, pensiya fondlarının və maliyyə inkişaf institutlarının vəsaitlərinin idarə edilməsini həyata keçirir.

Özəl səhm fondları alternativ investisiyalar sinfinə daxildir və adi investisiya alətlərindən (məsələn bank depozitləri, istiqrazlar, iri şirkətlərin səhmləri və s.) bir sıra xüsusiyyətlərinə görə fərqlənir. İlk növbədə uğurlu özəl investisiya fondlarının gəlirliliyi adi investisiya alətlərinin gəlirliliyindən yüksək olur. Bunun əsas səbəbi ondan ibarətdir ki, özəl investisiya fondları yeni yaradılan, kiçik və ya orta miqyaslı və həmçinin ilkin mərhələdə kapital bazarına adekvat çıxışı olmayan şirkətlərə vəsait yatırır. Belə şirkətlərin gəlir gətirmə potensialı çox yüksək olur. Özəl investisiya fondlarının başqa bir səciyyəvi xüsusiyyəti də onların uzunmüddətli, qeyri-likvid investisiya aləti olmasıdır. Özəl investisiya fondlarına vəsaitlər bir qayda olaraq 10 il və ya daha artıq müddətə yatırılır. Bu, özəl investisiya fondlarının mahiyyətindən irəli gələn bir xüsusiyyətdir.

ARDNF BMK-nın aşağıda göstərilən fondlarında investor kimi iştirak edir:

• BMK Afrika, Latın Amerikası və Karib hövzəsi Fondu – Fond 2010-cu ildə yaradılmışdır və ümumi həcmi 1 milyard ABŞ dolları təşkil edir. Afrika, Latın Amerikası və Karib hövzəsi Fondu eyniadlı regionlarda müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlərə kapital yatırımlarını həyata keçirir. ARDNF-nin Fondun ümumi həcmində iştirak payı 100 milyon ABŞ dolları təşkil edir.

• BMK Katalizator Fondu – Fond 2012-ci ildə bərpa olunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyinin qarşısının alınması üzrə fəaliyyət göstərən fondların və bu sahəyə dair layihələrin inkişafını dəstəkləmək məqsədi ilə yaradılmışdır. Hal-hazırda Katalizator Fondunun ümumi həcmi 346,5 milyon ABŞ dolları təşkil edir ki, bunun 50 milyon ABŞ dolları ARDNF tərəfindən Fonda yatırılmışdır.

• BMK Qlobal İnfrastruktur Fondu – Fond 2013-cü ildə yaradılmışdır və inkişaf etməkdə olan ölkələrdə infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərə investisiya qoyuluşları həyata keçirir. İnfrastruktur Fondunun ümumi həcmi 1,05 milyard ABŞ dolları təşkil edir. ARDNF-nin Fondda iştirak payı 200 milyon ABŞ dollarına bərabərdir.

Yuxarıda göstərilən özəl səhm fondlarına qoşulmaqla BMK ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ARDNF-yə inkişaf etməkdə olan ölkələrdə investisiya fəaliyyətinin gələcəkdə daha da genişləndirilməsi üçün zəngin əməli təcrübə əldə etmək və bu bazarlarda investisiya keyfiyyətini əhəmiyyətli şəkildə yüksəltməyə imkan yaradır.

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində əməkdaşlıq

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsi olmuşdur. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Azərbaycan 10 mart 2017-ci il tarixində MHŞT-ni tərk etmişdir.