Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin bir hissəsi xarici menecerlər tərəfindən idarə edilə bilər. Cəlb edilən xarici menecer və ya onun əsas təsisçisi aşağıdakı tələblərə cavab verməlidir:
1) Kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Standart ənd Purz və ya Fiç və ya Mudiz) aşağı olmamalı;
2) Aktivlərin idarə edilməsi sahəsində 5 ildən az olmayan müsbət təcrübəsi olmalı;
3) Dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
İnvestisiya portfelinin xarici menecerlərin idarə edilməsinə verilən vəsaitinin həcmi aşağıdakı kimi müəyyən edilmişdir: xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır.
Hal-hazırda ARDNF-nin vəsaitlərinin bir hissəsini 7 xarici menecer idarə edir.
Dünya Bankı Xəzinədarlığı Dünya Bank Qrupu, mərkəzi banklar, suveren fondlar və digər rəsmi təşkilatlar daxil olmaqla, 70-dən çox daxili və xarici müştərilərin adından çıxış etməklə 1800 milyard ABŞ dollarından çox vəsaiti yüksək reytinqli sabit gəlirli qiymətli kağızlara yatırır. Dünya Bankı Xəzinədarlığı RAMP proqramı çərçivəsində xarici valyuta ehtiyatları və başqa investisiya portfellərinin səmərəli idarə edilməsi məqsədi ilə dövlət qurumlarına məsləhətçi xidmətlər göstərir və treyninqlər təşkil edir.
Ətraflı məlumat üçün bax: www.treasury.worldbank.org
“UBS Global Asset Management” İsveçrə Fond birjasında və Nyu-York Fond birjasında iştirak edən İsveçrə səhmdar cəmiyyəti “UBS AG”-nin biznes şöbəsidir. Şirkət əsas ənənəvi və alternativ aktiv növləri üzrə investisiya xidmətlərini, eləcə də suveren fondlar, milli və mərkəzi banklar, dövlət agentlikləri, təqaüd fondları və digər beynəlxalq təsisatlar kimi müştərilərinə vəsaitlərin idarə edilməsi üzrə öz xidmətlərini təklif edir. “UBS Global Asset Management” şirkətinin baş ofisləri Çikaqo, Honq-Konq, London, Nyu York, Şanxay, Sinqapur, Sidney, Tokyo və Sürixdə yerləşir. Şirkətin investisiya aktivlərinin həcmi 31 dekabr 2022-ci il tarixinə 1,1 trilyon ABŞ dolları təşkil etmişdir.
Ətraflı məlumat üçün bax: www.ubs.com
“State Street Global Advisors” (SSgA) şirkəti 1978-ci ildə Bostonda əsası qoyulmuş institusional investorlar üçün maliyyə xidmətlərini təklif edən 200 illik tarixə malik dünyanın aparıcı şirkətlərindən biri “State Street Corporation”nın vəsait idarəetmə üzrə şöbəsidir. SSgA 29 qlobal ofis, 10 investisiya mərkəzi və Boston, London və Honq-Konq şəhərlərində yerləşən 24 saat fəaliyyət göstərən əməliyyat məntəqələrini birləşdirir.
“State Street” korporasiyası səhmləri Nyu-York Fond birjasında açıq şəkildə alınıb-satıla bilən bank holdinq şirkətidir. 31 dekabr 2022-ci il tarixinə “SSgA” şirkətinin idarəetməsində olan aktivlərin həcmi 3,5 trilyon ABŞ dolları təşkil etmişdir. “SSgA Official Institutions Group” mərkəzi banklar, dövlət agentlikləri və beynəlxalq institutlar kimi suveren müştərilərə peşəkar investisiya menecmenti xidmətlərini təklif edir.Ətraflı məlumat üçün bax: www.ssga.com
İnvestisiyaların idarə edilməsi üzrə ixtisaslaşmış ”BlackRock, Inc.” şirkətinin əsası 1988-ci ildə Nyu York şəhərində qoyulmuşdur. 31 dekabr 2022-ci il tarixinə “BlackRock” şirkətinin idarəetməsində olan aktivlərin həcmi 8,6 trilyon ABŞ dolları təşkil etmişdir və hazırda şirkət dünyanın ən böyük vəsait idarə edən təşkilatıdır. “BlackRock” öz müştərilərinə müxtəlif aktiv növləri, coğrafi regionlar və investisiya strategiyaları üzrə yüksək səviyyəli məhsul və xidmətlər təqdim edir. 30 ölkədə fəaliyyət göstərən təxmini 19,000 nəfərlik heyəti olan şirkətin dünyanın bütün bölgələri üzrə zəngin iş təcrübəsi vardır və müxtəlif dövlətlərə, şirkətlərə, fondlara və milyonlarla fərdi şəxslərə xidmət göstərir
Ətraflı məlumat üçün bax: www.blackrock.co
“Mellon Capital” qlobal miqyasda investorlara xidmət göstərən çox növlü investisiyaların idarə edilməsi üzrə ixtisaslaşmış “BNY Mellon Asset Management North America” şirkətinin bir hissəsidir. “Mellon Capital” müştərilərinə həm aktiv, həm də passiv strategiyalardan istifadə etməklə tək və çox növlü investisiyalar üzrə yüksək keyfiyyətli xidmətlər təklif edir.
Ətraflı məlumat üçün bax: www.mcm.com/web/mcm
2023-ci ilin mart ayının sonuna olan məlumata əsasən, “Sumitomo Mitsui Trust Group” aktivlərin idarə edilməsi və kastodial xidmətlər üzrə Yaponiyanın ən böyük şirkətidir və idarəetməsində olan aktivlərin həcmi 646 milyard ABŞ dolları təşkil edir. Bankçılıq, aktivlərin idarə edilməsi və daşınmaz əmlak sahələrində fəaliyyət göstərən şirkət fərdi və korporativ müştərilərə xidmət göstərir. Tokyo, London, Luxemburq, Nyu-York, Sinqapur və Honq-Konq daxil olmaqla, şirkət dünyanın aparıcı maliyyə mərkəzlərində fəaliyyət göstərir.
Ətraflı məlumat üçün bax: www.smth.jp/en/