Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Həmin dövrlərdə ölkə hərbi təcavüzə məruz qalmış, müxtəlif xarakterli risklərlə üzləşmişdi. Ölkənin inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı. Bu strategiya 3 mühüm komponenti özündə ehtiva edir:
1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş yeni sazişlərin imzalanmasına geniş yol açdı. İmzalanmış neft-qaz müqavilələri, “qara qızılın” boru kəmərləri ilə ixracının başlanması ölkəyə böyük həcmdə gəlirlər gətirdi. Artan gəlirlər onların saxlanacağı və aktivlərin effektiv idarə olunacağı bir qurumun yaranmasını şərtləndirdi. Həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini daşıyan İlham Əliyevin birbaşa təşəbbüsü ilə bu ideyanın gerçəkləşdirilməsi mümkün oldu. İlham Əliyevin təklifi ilə dünyada bu sahədə mövcud analoji suveren fondların təcrübələri öyrənildi.
Nəticədə ümummilli lider Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi.
ARDNF neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf etmiş, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.