Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a edilmiş dəyişikliklərə uyğun olaraq, qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri daşınmaz əmlaka yönləndirilə bilər.
ARDNF-in daşınmaz əmlak portfeli özəl daşınmaz əmlak fondlarına investisiyalar, müştərək investisiyalar və birbaşa investisiyalardan ibarətdir.
ARDNF ilk daşınmaz əmlak invesitisiyalarını 2012-ci ildən etibarən birbaşa invesitisiyalar şəklində həyata keçirməyə başlamışdır. O, Avropanın London, Moskva, Paris, Milan (daşınmaz əmlak satılmışdır) kimi bir sıra önəmli şəhərlərində, eləcə də Asiyada Seul (daşınmaz əmlak satılmışdır) və Tokio şəhərlərində yerləşən ofis və ticarət komplekslərinə investisiyalar yatırmışdadır. 2015-ci ildən etibarən isə ARDNF özəl daşınmaz əmlak fondlarına invesitisiyalar yatırmağa başlamışdır. Fond invesitisiyaları daşınmaz əmlak portfelinin əhəmiyyətli hissəsini təşkil edir.
Daşınmaz əmlaka edilən birbaşa investisiyalar haqqında məlumat
“78 Seynt Ceyms", Vest End,London, Böyük Britaniya: Ofis kompleksi
ARDNF daşınmaz əmlaka ilk investisiyasını Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177,4 milyon ingilis funt sterlinq təşkil edən ofis kompleksini almaqla həyata keçirmişdir.
Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir ki, Seynt Ceyms küçəsi 78 ünvanında olan bu görkəmli tikili qeyd edilən ərazinin ən məşhur hissələrindən birində yerləşir. 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 2003-cü ildə yenidən təmir olunmuş və “A” tipli ofis binaları sinfinə tamamilə uyğunlaşdırılmışdır. Binanın gələcəkdə daha əlverişli şərtlərlə icarəyə verilməsi, əlavə mərtəbənin inşası, həmçinin binanın müasir dövrün tələblərinə cavab verməsi məqsədilə, 2018-ci ildə binada əsaslı yenidənqurma işlərinin başlanılması məqsədəuyğun hesab edilmişdir. 2022-ci ilin 1-ci rübündə yenidənqurma işləri tam yekunlaşdırılmış və bina hal-hazırda müxtəlif şirkətlərə icarəyə verilmişdir. Ümumi sahəsi 11 018 kv. metr təşkil edir.
“Qalereya Aktyor”,Tverskaya 16, Moskva, Rusiya: ofis-ticarət mərkəzi;
ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini satın almışdır.
“Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. “Tverskaya” küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendlərinin təmərküzləşdiyi ərazidir. Bina “Tverskaya” küçəsi və “Strastnoy” bulvarının kəsişməsində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanılmaq şərtilə 1995-ci ildə yenidən təmir olunmuşdur. Əmlak müxtəlif dövlət qurumlarının nümayəndəliklərinə, maliyyə, sığorta və konsaltinq xidməti göstərən şirkətlərə, və yerli ticarət brendinə icarəyə verilmişdir. Binanın ümumi sahəsi 18 075 kv. metr təşkil edir.
“8 Vandom meydanı",Paris, Fransa: Ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksi
ARDNF Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 milyon avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksini satın almışdır.
Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan bu meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.
Bina XVIII əsrdə inşa edilmiş və hal-hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədlərilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məhşur şirkətlərə icarəyə verilmişdir.
"Kirarito Ginza" ticarət obyekti.;Tokio, Yaponiya;
ARDNF Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən və dəyəri 52,3 milyard yapon yeni təşkil edən Kirarito Ginza ticarət obyektini satın almışdır.
Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılmışdır və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və müxtəlif ticarət və iaşə brendləri, sağlamlıq və gözəllik mərkəzləri tərəfindən icarəyə götürülmüşdür.