oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsipləri

Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsipləri

ƏSİ PRİNSİPLƏRİNİN İNVESTİSİYA PORTFELİNƏ TƏTBİQİ

Son dövrlərdə qlobal istiləşmə, resurs qıtlığı, artan sosial bərabərsizliklər, korporativ idarəetməyə keçid kimi trendlər fonunda ətraf mühit, sosial və idarəetmə faktorları (ƏSİ və ya ESG) biznes və investisiya mühitində daha böyük əhəmiyyət daşımağa başlamışdır.

Təcrübə göstərir ki, ƏSİ faktorlarının inteqrasiyası qeyd olunan problemlərin fonunda şirkətlər qarşısına qoyulan tələbləri qarşılamaqla yanaşı, bir çox hallarda uzunmüddətli maliyyə performansının yaxşılaşması baxımından da cəlbedici ola bilir.

Bu baxımdan, dayanıqlı inkişafa töhfə vermək və dövlətə məxsus vəsaitlərin sosial məsuliyyətlə idarə edilməsi milli sərvətin qoruyucusu funksiyasını daşıyan suveren fondların üzərinə düşən vacib öhdəliklərdəndir.

Biz, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) olaraq ƏSİ prinsiplərinin vacibliyini başa düşür, missiya və strateji baxış çərçivəsində ƏSİ-nin investisiya portfelinə inteqrasiyasını təmin etməyi hədəfləyirik.


ARDNF-nin strateji baxışı:

“ARDNF tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi missiyasını ali tutur və uzunmüddətli investisiya fəaliyyətini bu missiyaya sadiq qalaraq həyata keçirir. Bizim niyyətimiz  Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ) prinsiplərinə sistematik yanaşaraq məqsədlərimizə çatmağa töhvə verəcək investisiya imkanlarını müəyyən etməkdir. Risklər nəzərə alınmaqla maksimal gəlirliliyin əldə olunmasını hədəfləyən bu yanaşma  aktivlərimizin real dəyərinin qorunub saxlanması və artırılmasına, bununla da uzunmüddətli maliyyə təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir.”

2025-ci ildə ARDNF 32 ölkədə keçirilmiş 1 384 səhmdar yığıncağında irəli sürülmüş 20 213 təklif üzrə səsvermədə iştirak etmişdir. Ən çox səs verilən məsələlər direktor seçkiləri, təzminat siyasəti və direktorlarla bağlı digər məsələlər olmuşdur. Bu yanaşma ARDNF-nin investisiya etdiyi şirkətlərdə effektiv korporativ idarəetmənin təşviqinə, səhmdar maraqlarının qorunmasına və dayanıqlı uzunmüddətli dəyərin formalaşdırılmasına verdiyi əhəmiyyəti əks etdirir.