oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

“Bakı-Tbilisi-Qars Yeni Dəmir Yolu” layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21.02.2007)

Azərbaycan Respublikasında aparılan uğurlu sosial-iqtisadi quruculuq işləri nəticəsində ölkədə iqtisadi inkişafın yüksək artım tempinə nail olunmuşdur, dövlətimizin iqtisadi qüdrəti gücləndirilmişdir və bu istiqamətdə fəaliyyət ardıcıl surətdə davam etdirilir.

Heydər Əliyev neft strategiyasının tarixi bəhrələri olan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəmərinin istismara verilməsi və bununla da Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi Avropa Qonşuluq siyasəti çərçivəsində səmərəli əməkdaşlığı daha da genişləndirir, dövlət müstəqilliyi və suverenliyimizin möhkəmlənməsini təmin edir. Bu qlobal layihələrin tarixi baxımdan qısa zaman ərzində müvəffəqqiyyətlə həyata keçirilməsi ölkəmizin regionda aparıcı mövqelərə yiyələnməsi ilə yanaşı, dünyada baş verən siyasi və iqtisadi proseslərdə də çəkisinin artmasına səbəb olmuşdur.

Eyni zamanda, Azərbaycanın geosiyasi vəziyyəti və dünyanın müxtəlif istiqamətlərini birləşdirən ticarət yollarının kəsişməsində yerləşməsi ilə əlaqədar ölkəmiz Tarixi İpək Yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş pespektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA Proqramının mühüm iştirakçılarından biri olmuşdur. Bununla bağlı bir sıra irimiqyaslı proqramların reallaşdırılması nəticəsində yaxın və uzaq xarici ölkələrlə qurulan faydalı iqtisadi münasibətlər daha da genişləndirilmiş, ticarət dövriyyəsi sürətlə artmış, Azərbaycan tranzit yüklərinin daşınmasının həcminə görə regionda mühüm ölkəyə çevrilmişdir. Nəqliyyat infrastrukturunun diversifikasiyasında, beynəlxalq yük daşımalarının Azərbaycan ərazisindən tranzitinin daha da artırılmasında, regional əməkdaşlığın inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcək yeni nəqliyyat dəhlizinin yaradılması məqsədi ilə təşəbbüsümüzlə Azərbaycan Respublikasının, Gürcüstanın və Türkiyə Respublikasının prezidentləri tərəfindən Azərbaycan, Gürcüstan və Türkiyə arasında birbaşa dəmir yolu bağlantısını nəzərdə tutan "Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı" barədə Birgə Bəyanat imzalanmışdır.

Bütövlükdə davamlı inkişaf və təhlükəsizliyin təminatına yönəlmiş, Xəzər hövzəsi regionunun və Mərkəzi Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxışına, nəticə etibarilə, Azərbaycanın Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyətini nəzərə alaraq, layihə üzrə maliyyə və digər təşkilati məsələlərin həll edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin Marabda -Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri (Komissiyanın sədri)
İlqar Fəti-zadə - Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini
Xələf Xələfov - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini
Niyazi Səfərov - Azərbaycan Respublikasının iqtisadi inkişaf nazirinin müavini
Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
Arif Əsgərov - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi
Cahangir Hacıyev - "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri

2. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Hökuməti tərəfindən işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə həvalə edilsin.

3. Müəyyən edilsin ki:

3.1. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi Azərbaycan Respublikası Hökumətinin Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi vasitəsilə Gürcüstan Hökumətinin təyin etdiyi quruma 200.0 milyon ABŞ dolları məbləğində kredit xəttinin açılması yolu ilə maliyyələşdirilir.

3.2. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsi Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin Marabda-Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi üçün ayrılan kreditin Azərbaycan Respublikası Hökuməti adından Gürcüstan Hökumətinin təyin etdiyi quruma verilməsi üçün müvafiq tədbirlər görsün.

5. Azərbaycan Respublikası Dövlət Neft Fonduna tapşırılsın ki, Fondun cari il və növbəti illər üçün büdcələrində bu Sərəncamın 3-cü bəndində göstərilən maliyyələşdirmə tədbirləri üçün maliyyə təminatı barədə Azərbaycan Respublikası Prezidentinə təkliflərini 15 gün müddətində təqdim etsin.

6. "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank təyin edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bir ay müddətində "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin həyata keçirilməsi ilə bağlı artan beynəlxalq daşımaların təmin edilməsi məqsədi ilə Azərbaycan Dövlət Dəmir Yolunun 2007-2010-cu illərdə inkişafına dair Dövlət Proqramı layihəsini Azərbaycan Respublikası Prezidentinə təqdim etsin.

8. Dövlət Komissiyası "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" xətti layihəsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikası Prezidentinə məlumat versin.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Dövlət Neft Fondu bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

10. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 fevral 2007-ci il.