Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2011-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 7827,2 milyon manat, büdcə xərcləri isə 2593,1 milyon manat təşkil etmişdir.
2011-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7692,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7518,1 milyon manat, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon manat, tranzit gəlirləri 3,8 milyon manat, akrhesabı ödənişlər 1,2milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,6 milyon manat təşkil etmişdir.
Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 135,0 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 482,4 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 2461,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 64,1 milyon manat və 2,3milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 4,6 milyon manat vəsait ayrılmışdır. 9,3milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2011-ci ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 4,6 milyon manat olmuşdur.
2011-ci il iyulun 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 33,3 % artaraq 30 357,5milyon ABŞ dollarına bərabər olmuşdur.