Azərbaycan Respublikası Dövlət Neft Fondununwww.oilfund.azİnternet ünvanında yerləşən və 2001-ci ildən bəri fəaliyyət göstərən internet səhifəsi yeni dizaynda istifadəçilərin ixtiyarına verilmişdir. Saytın dizaynının və strukturunun yenilənməsində məqsəd informasiya texnologiyalarının imkanlarından istifadə edərək ictimaiyyətin Neft Fondu haqqında daha ətraflı məlumatlanmasına kömək etmək və Fondun fəaliyyətində şəffaflığın təmin olunması prinsiplərini qoruyub saxlamaqdır.
Saytın Fond haqqında bölməsində Neft Fondunun tarixi, məqsəd və fəlsəfəsi, idarəetmə mexanizmi və strukturu, Fondun əldə etdiyi mükafatlar və beynəlxalq əlaqələri haqqında məlumatlar, Fondun maliyyə fəaliyyətində işlənən terminlərin izahlı lüğəti yerləşdirilib.
Layihələr bölümü Fondun vəsaitləri hesabına maliyyələşdirilən layihələr barədə ətraflı məlumatları əhatə edir.
Hüquqi sənədlər bölümündə Fondun fəaliyyəti ilə bağlı Qanunlar, Fərmanlar və Sərəncamlar, Fondun və Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında məlumatlar yer alıb.
Saytdakı hesabatlar və statistika bölümündə isə Fondun fəaliyyətinə dair illik hesabatlar, Fondun gəlir və xərcləri barədə rüblük məlumatlar, Fondun maliyyə fəaliyyətinin beynəlxalq nüfuzlu audit şirkəti tərəfindən audit olunmuş hesabatları və Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) hesabatlarının cəmləşdiyi hesabat arxivi, Neft Fondunun büdcəsinə dair məlumatlar və son rəqəmlər yerləşdirilib.
Mətbuat Guşəsi bölümündə isə Fondun ictimaiyyətlə əlaqələri, İnformasiya siyasəti, elanlar, Fondun İcraçı direktorunun çıxış və təqdimatları, Fond fəaliyyətə başladığı vaxtdan bu günədək onun fəaliyyətinə, eləcə də MHŞT-nin Azərbaycanda tətbiqinə dair xəbərlər arxivi, faydalı linklər, sual-cavab, Neft Fondu haqqında yerli və xarici mətbuatda dərc edilmiş yazıların elektron variantı və ictimaiyyətin Fondun fəaliyyətinə dair fikirlərinin qeyd ediləcəyi rəy və təkliflər bölümü yer alıb.
Saytda Fonda dair yeni məlumatları əldə etmək üçün abunə yazılışı da mövcuddur.
Jurnalistlər, eləcə də ictimaiyyət nümayəndələri saytda Əlaqə bölməsində yerləşdirilmiş sorğu formasını doldurmaqla onları maraqlandıran suallara tez bir zamanda cavab ala biləcəklər. Bu bölümdə həmçinin Fondun yerləşmə ünvanını əks etdirən xəritə və Fonda gəlmək üçün istifadə olunan nəqliyyat vasitələri barədə məlumat da yerləşdirilib.
Saytda məzmun baxımından dəyişiklik edilmiş və Vəsaitlərin idarə edilməsi və Karyera imkanları adlı iki yeni bölüm yaradılmışdır.
Vəsaitlərin idarə edilməsi bölümündə Fondun investisiya fəaliyyəti haqqında ümumi məlumat, İnvestisiya siyasəti, vəsaitlərin idarəedilməsini həyata keçirən xarici menecerlər barədə informasiya və Fondun investisiya fəaliyyətinə dair təqdimatlar yerləşdirilmişdir.
Karyera imkanları adlı bölümün yaradılmasında əsas məqsəd Fondda işləmək istəyən şəxslər üçün vakansiya və işə qəbul qaydaları haqqında məlumatın əldə edilməsini asanlaşdırmaqdan ibarətdir. Təcrübə proqramı başlıqlı alt bölüm tələbələr və Fondda təcrübə keçmək istəyən şəxslər üçün əsas tələb olunan şərtləri və Fondda təcrübə keçmiş şəxslərin təəssüratları barədə məlumatları əks etdirir. Bu bölmədə həmçinin Elektron ərizə forması yaradılmışdır ki, bununla da Fondda işə qəbul olunmaq istəyən şəxslər bu formanı doldurmaqla özləri barədə məlumatları onlayn şəkildə birbaşa Fondun müvafiq struktur bölməsinə göndərə biləcəklər.
Saytda eləcə də gündəlik yeniləşən əsas xarici valyutaların məzənnələri, Brent və WTI markalı neftin və qızılın dünya bazarındakı qiyməti də oxucuların məlumatlanması üçün nəzərdə tutulub.
Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.