2011-ci il dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2012-ci il üçün büdcə layihəsi müzakirə olunmuşdur.
İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2012-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin gəlirlərinin 10697 030,6min manat, xərclərinin 10561304,0min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin73 820,00 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2012-ci il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir. İclasda həmçinin Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2011-ci il tarixli Fərmanı ilə “Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”nda edilmiş dəyişikliklərə əsasən Neft Fondunun investisiya portfelinə yeni aktivlər, o cümlədən qızıl, daşınmaz əmlakın daxil edildiyini nəzərə alaraq, Fondun mühasibat uçotu qaydalarında, habelə hesablar planında müvafiq əlavələrin edilməsi barədə qərar qəbul edilmişdir.