Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2011-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 15 628,3 milyon manat, büdcə xərcləri isə 9 606,6 milyon manat təşkil etmişdir.
2011-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 451,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 15 257,5 milyon manat, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon manat, tranzit gəlirləri 7,5 milyon manat, akrhesabı ödənişlər 1,3milyon manat, bonus ödənişləri 15,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,4 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 176,4 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 9000,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 140,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 200,0milyon manat və 32,6milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 15,0 milyon manat vəsait ayrılmışdır. 161,9milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2011-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 57,1 milyon manat olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 749,8 milyon manat təşkil etmişdir.
2012-ci il yanvarın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 30,9%artaraq 29 800,0 milyon ABŞ dollarına bərabər olmuşdur.