oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən açıqlama

09 Apr 2019 16:39:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən açıqlama

09 Apr 2019 16:39:00

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının Hesablama Palatası haqqında Qanuna, ARDNF-nin fəaliyyətini tənzimləyən normativ qanunvericiliyə uyğun olaraq Hesablama Palatası tərəfindən hər il ARDNF-nin büdcə layihəsinə, habelə büdcəsinin icrası barədə hesabata rəy verilir. Dövlət Neft Fondunun Müşahidə Şurası tərəfindən ARDNF-nin büdcə layihəsinə, eləcə də büdcəsinin icrası barədə hesabata rəy verərkən Hesablama Palatasının rəyi nəzərə alınır. Eyni zamanda Hesablama Palatası tərəfindən mütəmadi olaraq ARDNF-nin audit tədbirləri həyata keçirilir ki, Fondun büdcə layihəsinə, büdcəsinin icrasına dair Hesablama Palatasının rəyləri və audit hesabatları Palatanın internet səhifəsində yerləşdirilir.

Eyni zamanda nəzərə çatdırırıq ki, Hesablama Palatası tərəfindən ARDNF-nin 2018-ci il büdcəsinin icrasına dair analitik fəaliyyət üzrə tədbir keçirilmiş və bu tədbirin nəticələri qısa zamanda açıqlanacaqdır.

ARDNF əvvəlki açıqlamasına uyğun olaraq Fondun 2018-ci il üzrə gəlirliliyinin aşağı olmasına dair bir daha aşağıdakıları bildirir:

2018-ci ildə səhm bazarları həddən artıq dəyişkən olmuşdur. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunmasına baxmayaraq sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınmışdır. Brexit ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərmişdir.

2018-ci ildə səhm bazarlarında yaşanan yüksək qiymət dəyişkənliyi mühiti və bu əsnada yaranan enmə trendi bir çox uzunmüddətli institusional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının əksəriyyəti) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investorlar gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər. Misal üçün 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi -6,1%, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1% və -2,18% olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət əlbəttə ki, digər investorlar kimi ARDNF-nin də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35% olub.

Bir daha qeyd etmək istərdik ki, ARDNF-nin əsas missiyası neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin investisiya portfelində səhm, daşınmaz əmlak, qızıl kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə, investisiya portfelinin şaxələndirilməsində müstəsna rol oynayır. Səhmlərin portfeldə optimal həcmdə yer alması ARDNF-nin vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da öz növbəsində, müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir.

Xəbərlərə abunə ol