2004-cü il noyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun binasında Azərbaycan hökuməti üçün makro iqtisadi modelin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə kömək məqsədilə BP Azərbaycan şirkətinin və İqtisadi İnkişaf Nazirliyinin birgə təşkil etdiyi «İqtisadi modelləşdirmə» seminarı keçirilib.
Seminarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya»nın həyata keçirilməsi ilə əlaqədar makroekonometrik modelləşdirmə sahəsində görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.
Seminarda İqtisadi İnkişaf naziri F. Əliyev, Milli Bankın İdarə Heyətinin sədri E.Rüstəmov, Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin rəisi O. Haqverdiyev, ARDNF-in İcraçı Direktoru S. Şərifov,Maliyyə nazirinin müavini A.Bayramov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti N.Əliyev, BP Azərbaycan Şirkətinin Prezidenti Devid Vudvord, Oksford (Böyük Britaniya) İqtisadi Proqnozlar İnstitutunun mütəxəssisi Adrian Kuper və Azərbaycan Respublikasının iqtisadiyyat orqanlarının makroiqsadiyyat məsələləri və iqtisadi siyasət üzrə mütəxəssisləri iştirak ediblər.
Cənab A. Kuper digər ölkələrin makroekonometrik modelləşdirmə sahəsində təcrübəsindən bəhs edən məruzə ilə çıxış edərək Oksford İqtisadi Proqnozlar İnstitutunu tərəfindən hazırlanmış «Proqnozlaşdırma və iqtisadi siyasətin təhlilində makroekonometrik modelləşdirmənin rolu» barədə təqdimatı seminar iştirakçılarına təqdim edib.