Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktoru cənab Samir Şərifov 2005-ci il iyulun 19-da yerli və xarici kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında S. Şərifov jurnalistlərə 2005-ci ilin ilk altı ayı ərzində Fondun maliyyə fəaliyyəti, ARDNF-in nümayəndə heyətinin ABŞ-ın Alyaska Daimi Fonduna səfərinin yekunları, Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanda görülmüş işlərin hazıkı vəziyyəti barədə məlumat vermişdir.
Cənab Şərifov 2005-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun gəlir və xərcləri barədə məlumat verərkən bildirmişdir ki, göstərilən müddət ərzində Fondun gəlirləri 1 trilyon 23 milyon manata, xərcləri isə 652 milyard manata bərabər olmuşdur. (2005-ci ilin yanvar-iyun aylarında ARDNF-in gəlir və xərcləri barədə auditdən keçməmiş hesabatla tanış olmaq üçün bu linkə daxil olun).
Fondun nümayəndə heyətinin Alyaska Fonduna səfəri barədə məlumat verən S. Şərifov 10-14 iyul 2005-ci il tarixlərində baş tutmuş səfərin məqsədini belə açıqlamışdır: “Fondun nümayəndə heyətinin Alyaska Daimi Fonduna səfərinin məqsədi ABŞ Ticarət və İnkişaf Agentliyinin Dövlət Neft Fonduna ayırdığı qrant şərçivəsində Overture Financial Services şirkətinin texniki xidməti vasitəsilə Fondun institusional quruculuğunun təkmilləşdirməsidir”. O qeyd etmişdir ki, Neft Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkilflərinin nə dərəcədə əsaslı olması və digər neft fondlarının təcrübəsi ilə uyğun gəli-gəlməməsi barədə araşdırmalar baxımından səfər çox faydalı olmuşdur. Cənab Şərifov bildirmişdir ki, bu təkliflər ilin sonunadək ölkə rəhbərliyinə təqdim olunacaq.
MHŞT üzrə hökumət Komissiyasının sədri olaraq Beynəlxalq Şəffaflıq Təşəbbüsü çərçivəsində Azərbaycanda görülmüş işlər barədə danışarkən S. Şərifov artıq ikinci hesabat mərhələsinin yekunlaşmaq üzrə olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, Təşəbbüs çərçivəsində Azərbaycan hökumətinin və Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin təqdim etdikləri hesabatlar hazırda Deloitte şirkəti tərəfindən tutuşdurulur və bu audit şirkəti öz rəyini bir neçə gün ərzində təqdim edəcək.
Cənab Şərifov eyni zamanda martın 17-də Londonda keçirilən MHŞT üzrə 2-ci beynəlxalq Konfransda MHŞT-ə qoşulmuş ölkələrə Təşəbbüsü həyata keçirməkdə köməklik göstərmək və Təşəbbüsə yeni ölkələrin qoşulmasını təmin etmək məqsədilə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) yaradılmasının qərara alındığını və Azərbaycanın bu qrupa üzvlüyünün artıq təsdiq olunduğunu bildirmişdir. Cənab Şərifov Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq, bu qrupda MHŞT üzrə hökumət Komissiyasının sədri kimi Azərbaycanı təmsil edəcəyi və qrupun ilk iclasının bu ilin avqust ayında keçiriləcəyi barədə jurnalistlərə məlumat vermişdir.