Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2007-ci il oktyabrın 5-də Avropa Jurnalistika Mərkəzinin təşkil etdiyi Avropa Qonşuluq siyasəti seminarında iştirak edən Avropa İttifaqı ölkələrinin jurnalistlərini qəbul etmişdir.
Görüşdə MHŞT-nin Azərbaycanda həyata keçirilməsinə dair təqdimatla çıxış edən Ş. Mövsümov seminar iştirakçılarına Dövlət Neft Fondunun yaradıldığı ilk gündən bəri fəaliyyətində şəffaflığı təmin edərək neft gəlirlərinin düzgün idarə olunmasına dair cəmiyyətdə inam yaratdığını bildirmişdir. Ş. Mövsümov Neft Fondunun ölkədə makroiqtisadi sabitliyin qorunmasında və mühüm sosial və infrastruktur layihələrinin həyata keçirilməsində rolu, Fondun fəaliyyət istiqamətləri barədə qonaqlara ətraflı məlumat vermişdir.
Eyni zamanda Ş. Mövsümov ARDNF-nin fəaliyyəti və MHŞT-nin Azərbaycanda tətbiqinə dair jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Görüşdə Avropanın "Financial Times Deutschland", "Sunday Times", "Le Monde Diplomatique", "Magyar Nemzet", "The Irish Times", "La7", "Verslo Zinios", "Luxemburger Wort", "De Volkskrant", "Polskie Radio", "Semanario Economico", "La Vanguardia", "Energy Intelligence Group", "Die Zeit", "TV2" kimi nüfuzlu media qurumlarının nümayəndələri iştirak etmişdir.