Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2007-ci il dekabrın 25-də İordaniya Haşimilər Kralının Orta Asiya və Azərbaycan üzrə xüsusi elçisi Abdullah Vureykəti qəbul etmişdir.
Görüşdə Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olunmaq üçün Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş, Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamə layihəsi barədə qonağa məlumat vermişdir.
Görüşdə Azərbaycan və İordaniya arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur. A. Vureykət regionda İordaniya üçün ən mühüm tərəfdaş ölkənin Azərbaycan olduğunu xüsusi vurğulamışdır.