Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Administratoru və ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta Forun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən Azərbaycanda MHŞT-nin uğurla tətbiq edilməsi, Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən və konsensusla qəbul olunmuş Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə barədə qonaqlara ətraflı məlumat vermişdir.
Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.
Görüşdə eyni zamanda Azərbaycan və ABŞ, o cümlədən Neft Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) arasındakı əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.