2008-ci il iyunun 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2007-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2007-ci il büdcəsinin icrası, Fondun 2008-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır. Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2007-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2007-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (Deloyt ənd Tuş şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2007-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.
Müşahidə Şurası təqdim olunmuş Fondun 2008-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.
Baş Nazir A.Rasi-zadə 2008-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.