2008-ci il fevralın 6-da Azərbaycanda yeni fəaliyyətə başlayan "Apsheron Investments Ltd" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla "Apsheron Investments Ltd" şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - səkkizinci hesabat dövrü (2007-ci il üzrə illik) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 26-a çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha dörd şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil və NİCO şirkətləri qoşulub.