Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il fevralın 4-də İsveçrə Konfederasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alain Guidettini qəbul etmişdir.
Görüşdə Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına təqdim olunmaq üçün Azərbaycan hökuməti tərəfindən irəli sürülmüş, Şəffaflıq Təşəbbüsünü dəstəkləyən Qətnamə layihəsi barədə qonaqlara məlumat vermişdir.
Alain Guidetti Dövlət Neft Fondunun "Dövlət qulluğunda şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması" kateqoriyası üzrə 2007-ci il üçün nüfuzlu "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görülməsi münasibətilə Ş. Mövsümovu təbrik etmiş və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, İsveçrənin maliyyə təşkilatlarının ARDNF ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.