2009-cu il fevralın 9-da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxiolmaları barədə növbəti - onuncu hesabat mərhələsi üzrə hesabatlarını (2008 - illik) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə müsabiqə keçirilmişdir. Bərabər sayda Hökuməti, QHT-lər Koalissiyası və Şirkətlər qrupunu təmsil edən 6 nəfərdən ibarət Seçim Qrupu auditin "Deloyt " (Deloitte) şirkəti tərəfindən keçirilməsinə qərar vermişdir.
Memoranduma uyğun olaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 4 nüfuzlu audit şirkətinə (Deloitte, PricewaterhouseCoopers, Ernst & Young və Moore Stephens) müsabiqədə iştirakla bağlı dəvətlər göndərilmişdir.