Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2009-cu il ərzində Neft Fondunun büdcə gəlirləri8 176,7 milyon manat, büdcə xərcləri isə 5 294,5 milyon manat təşkil etmişdir. Fondun 2009-cu il büdcəsinin gəlir hissəsi 97,8 %, xərc hissəsi isə 99,5% yerinə yetirilmişdir.
2009-cu il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 870,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 702,6 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlərdən 156,8 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat, bonus ödənişləri 0,8 milyon manat və xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,6 milyon manat təşkil etmişdir.
Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 305,9 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan müsbət fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 97,6 milyon manat təşkil etmişdir.
Hesabat dövrü ərzində Neft Fondunun 2009-cu il büdcəsinin icrası çərçivəsində 4 915,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 130,0 milyon manat və 120,0 milyon manat vəsait ayrılmışdır. 22,1 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 7,9 milyon manat vəsait ayrılmışdır. 2009-cu il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 9,6 milyon manat olmuşdur.
2010-cu il yanvarın 1-ə Fondun aktivləri 2009-cu ilin əvvəlinə (11219,2 milyon ABŞ dolları) nisbətən 32,8 % artaraq 11 966,5 milyon manata (14 900,4 milyon ABŞ dolları) bərabər olmuşdur.