Azərbaycan Respublikasının Dövlət Neft Fondu bildirir ki, Fondun aktivlərinin həcmi ilk dəfə olaraq 30 milyard ABŞ dolları səviyyəsini keçmiş və 28 iyun 2011-ci il tarixinə Fondun vəsaiti 30,2 milyard ABŞ dolları təşkil etmişdir.
Dövlət Neft Fondunun aktivlərinin həcminin artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin banisi olduğu milli neft strategiyasının real bəhrəsidir. Möhtəşəm neft strategiyasının uğurla reallaşması ilə əlaqədar olaraq ölkənin karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha da genişlənir və bunun nəticəsi kimi cari ilin əvvəlində 22,8 milyard ABŞ dollarına bərabər olmuş Dövlət Neft Fondunun valyuta vəsaitlərinin həcmi sürətlə artaraq 30 milyard ABŞ dollarını keçmişdir. Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir.