oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondu ilə Azərbaycan (EySC) Limited Şirkəti arasında korporativ istiqrazın alqı-satqısı həyata keçirilmişdir

06 Jul 2011 11:46:35

Dövlət Neft Fondu ilə Azərbaycan (EySC) Limited Şirkəti arasında korporativ istiqrazın alqı-satqısı həyata keçirilmişdir

06 Jul 2011 11:46:35

2011-ci il iyulun 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkə hüdudlarından kənarda qeydiyyatdan keçmiş törəmə müəssisəsi olan, Azəri, Çıraq və Günəşli (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqındakı Sazişə əsasən 10 faizə bərabər iştirak payına malik Azərbaycan (EySC) Limited Şirkəti tərəfindən emissiya edilmiş, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 4 iyul 2011-ci il tarixində qeydiyyata alınmış 485 milyon ABŞ dolları dəyərində istiqraz Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmışdır. İstiqrazın kastodial saxlanması Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təmin ediləcək.

İstiqrazın alınması Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” çərçivəsində həyata keçirilmişdir. Proqrama uyğun olaraq Neft Fondunun valyuta vəsaiti Xəzər dənizində həyata keçirilən mədən hasilatı sənayesindən gəlirlərin alınmasına imkan yaradan və özü və ya əsas təsisçisi uzunmüddətli investisiya reytinqinə malik olan emitent tərəfindən buraxılan qiymətli kağızlara investisiya edilə bilər.

İstiqrazın yerləşdirilməsindən əldə olunan vəsait Azərbaycan (EySC) Limited Şirkətinin Xəzər dənizinin Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə iştirak payının əlavə olaraq 1,6461 faiz artırılmasına yönəldilmişdir.

İstiqrazın qaytarılma müddəti 31 dekabr 2024-cü ildir, istiqraz üzrə faiz dərəcəsi 6 aylıq LİBOR+1 faiz təşkil edir.

Xəzər dənizinin Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında 1994-cü ilin 20 sentyabrında Saziş imzalanmışdır. Azəri, Çıraq və Günəşli Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır. Bakıdan təxminən 100 km şərqdə yerləşən AÇG yatağı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) əməliyyatçısı olan BP Azərbaycan tərəfindən işlənilir.


Xəbərlərə abunə ol