"...Mənim məqsədim... Neft Fondunu Azərbaycanın
gələcək nəsilləri üçün saxlamaqdır"
Heydər Əliyev,
Ümummilli lider.
İnkişafının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası ildən-ilə güclənir və inkişaf edir. Bu inkişafın təməli çox möhkəm, etibarlı və uzunömürlüdür. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi və dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, dövləti idarə etmək bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev nadir tarixi şəxsiyyətlər sırasındadır. Heydər Əliyev şəxsiyyəti hələ də tam öyrənilməmiş bütöv bir dünyadır. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü optimal çıxış yolu tapmaq bacarığı Ulu Tanrının ona bəxş etdiyi vergi idi. Zəmanəmizin görkəmli dövlət xadimi olan ulu öndərimiz Heydər Əliyevin beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, ərazi bütövlüyünün qorunması, müstəqil dövlətçiliyimizin qurulması, möhkəmləndirilməsi yolunda apardığı müdrik və uzaqgörən siyasəti ölkəmizə həmişə başucalığı gətirib.
Heydər Əliyev fenomeni, tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycan tarixinin 34 illik dövrü yaddaşlarda məhz Heydər Əliyev epoxası, böyük quruculuq illəri kimi qalıb.
Ulu öndərin zərgər dəqiqliyi ilə işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirib, ölkəmizin dünyaya inteqrasiyasına geniş yol açıb, müstəqilliyimizi möhkəmləndirib. İndi biz bu möhtəşəm strategiyanın real nəticələrinin və bəhrələrinin şahidiyik. Neft strateğiyasının mühüm bəhrəsi ulu öndərin qərarı ilə yaradılmış Dövlət Neft Fondudur. Neft Fondunu təsis etməklə, ulu öndər tərəfindən uzaqgörən və müdrik və tarixə yazılmış bir addım atıldı. Dahi liderin "Dövlət Neft Fondunun yaradılması haqqında" 29 dekabr 1999-cu il tarixli Fərmanınnın preambulasına daxil olmuş "ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması və səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılsın" sözlərdən ulu öndərin addımının məqsədi aydın şəkildə görünür. Neft strategiyasının reallaşmasının ilkin mərhələsində və neft hasilatının aşağı olduğu bir vaxtda Dövlət Neft Fondunun yaradılması ulu öndərin bu addımının nə qədər uzaqgörən və vaxtında atılmış olduğunu bir daha təsdiq edir. Neft ilə zəngin olan ölkələrdə neft fondu və yaxud bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Azərbaycanda neft ehtiyatlarının istismarının ilk illərində Dövlət Neft Fondunun yaradılması ilə Fond özünün institusional cəhətdən inkişaf etməsi və peşəkar kadr potensialına malik olan bir quruma çevrilməsi üçün hazırlıq dövrünü qazandı. Hazırda isə Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər ölkə daxilində və eləcədə beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərin müvafiq qurumları ilə öz təcrübəsini bölüşdürməyə qadir olan bir quruma çevrilmişdir.
Ulu öndərin qərarında Neft Fondunun fəaliyyətinin əsas prinsipləri də öz əksini tapmışdır. Bir sıra dünya dövlətlərində Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə oxşar cəhətləri olan analoji fondlar fəaliyyət göstərməkdədir. Dövlət Neft Fondu yaradılarkən bu fondların təcrübəsinə istinad etməklə yanaşı, yerli xüsusiyyətlər və mövcud ehtiyaclar da nəzərə alınmış və neft gəlirlərinin gələcək nəsillər üçün toplanması ilə bərabər, bugünkü nəsillərin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan bir model seçilmişdir.
Dahi Heydər Əliyevin Dövlət Neft Fondunun yaradılması haqqında qəbul etdiyi qərar ilə eyni zamanda Fondun vəsaitini formalaşdıran mənbələrin təsnifatı təsdiq edilib və bununla da ölkənin neft sektorunda əldə edilən gəlirlərin bir qurumda toplanmasının qanuni çərçivəsi müəyyən olundu. Neft Fondunun vəsaitini formalaşdıran mənbələrin qanunverici əsasını və iqtisadi bazasını isə 1994-cü il 20 sentyabr tarixində imzalanmış "Əsrin müqaviləsi" təşkil etmişdir və bu tarix Azərbaycan xalqının yaddaşında müstəqil inkişafımızın ən əlamətdar və unudulmaz hadisəsi kimi yadda qalacaqdır. Heydər Əliyevin siyasi uzaqgörənliyi, onun rəhbər qətiyyəti sayəsində dünyanın bir sıra ən nüfuzlu neft şirkətləri ilə beynəlxalq əhəmiyyətli müqavilənin bağlanması ilə Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə nüfuzunun və mövqeyinin artırılmasına güclü təkan verildi. Bununla da, Milli Neft Strategiyasına uyğun olaraq, yeni neft-qaz sazişlərinin bağlanması, iqtisadiyyata böyük miqdarda xarici investisiyaların daxil olması, dövlətin iqtisadi qüdrətinin artması və xalqıın rifah halının yaxşılaşması üçün zəruri şərait yaradıldı. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, Azərbaycanda cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Ulu öndərin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq yerli neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynamışdır. Ölkəmiz inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutdu. Heydər Əliyev özünün düşünülmüş məqsədyönlü siyasətinin əsasını təşkil edən neft müqavilələrini ilk növbədə dünya siyasətinin aparıcı qüvvələri olan böyük dövlətlərlə bağlamaqla, qarşıya çıxan problemlərin həlli üçün əlverişli zəmin yaradırdı.
Hasilatın Pay Bölgüsü sazişlərinin xarici şirkətlər ilə imzalanması və bu sazişlərin təsdiqi prosesinin ictimaiyyətə açıq şəkildə həyata keçirilməsi neft sərvətlərinin idarə edilməsində şəffaflığın qurulması istiqamətində ilk addım oldu. Eyni zamanda xarici investorlar üçün yaradılmış əlverişli şərait beynəlxalq standartların və şəffaf idarəetmə üsullarının tətbiqinin əsasını təşkil etmişdir. Dünya sisteminə uğurlu inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açdı. Dövlət Neft Fondunun yaradılması neft gəlirlərinin idarə edilməsinin ən yaxşı təcrübəsidir və ulu öndər Heydər Əliyevin fitri idarəçilik qabiliyyətinin nəticəsi olaraq bu təcrübə Azərbaycanda tətbiq edildi.
Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 3,8 milyard ABŞ dollarına çatmış və ildən ilə bu vəsait artacaqdır. Dövlət Neft Fondunun fəaliyyətə başladığı ilk günündən etibarən şəffaflığın təmin edilməsinə xüsusi önəm yetirilib və bu məsələ ulu öndərin diqqəti altında saxlanılmışdır. Təsadüfi deyil ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının birinci iclası 16 iyul 2002-ci il tarixində məhz ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Bu iclasda Dövlət Neft Fondunun 2001-ci ildə fəaliyyəti haqqında illik hesabatı təsdiq olundu. İclasda Heydər Əliyevin tövsiyələri bu gün Neft Fondun fəaliyyətində rəhbər tutulur və ulu öndərin verdiyi ideya və xeyir-duası sayəsində Neft Fondu institusional cəhətdən və şəffalığın təmin edilməsi baxımından inkişaf edib, müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilmiş, Azərbaycanı xarici arenada nüfuzunun artmasına xidmət edən nailiyyətlər əldə etmişdir. Nailiyyətlər sırasında Dövlət Neft Fondunun "Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması" üzrə 2007-ci il üçün "BMT-nin Dövlət Qulluğu Mükafatı"na (UN Public Service Award) layiq görülməsi xüsusi yer tutur. "BMT-nin Dövlət Qulluğu Mükafatı" uğrunda dünyanın demək olar ki, bütün ölkələrinin qoşulduğu mübarizədə Azərbaycanın dövlət qurumunun qələbə qazanması ölkəmizin dövlət səviyyəsində əldə etdiyi növbəti möhtəşəm nailiyyətdir və bu uğur məhz dahi Heydər Əliyevin verdiyi xeyir-duasının bəhrəsidir.
Müstəqillik dövrünün ilk illərində Azərbaycan Respublikasında mövcud olmuş qeyri-sabit ictimai-siyasi və iqtisadi vəziyyət, Ermənistanın təcavüzü və onun ağır sosial-iqtisadi nəticələri ölkəmizi təhlükə altına almışdı. Belə bir ağır vəziyyətdə xalq üzünü Heydər Əliyevə tutdu. İkinci dəfə hakimiyyətə gələn Heydər Əliyev yenə də dəmir iradəsini nümayiş etdirdi. Onun həyata keçirdiyi siyasətin ana xəttini və istinad nöqtəsini ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsi təşkil edirdi. Məhz neft strategiyasının məharətlə müəyyən edilməsi və həyata keçirilməsi onu faktiki olaraq respublikamızın müstəqillik doktrinası səviyyəsinə qaldırmışdır. Yeni neft erasının başlanması ilə Azərbaycanın beynəlxalq aləmdə tanınması baş verdi və dünyanın aparıcı şirkətlərinin ölkənin neft sənayesinə marağı yarandı, iqtisadiyyata çoxmilyardlı xarici investisiyaların axını başladı. Neft strategiyasının reallaşması ölkədə köklü iqtisadi islahatların həyata keçirilməsi üçün də əlverişli zəmin yaratdı. 1995-ci ildən etibarən ölkə rəhbərliyinin təşəbbüsü və beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının dəstəyi ilə Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi və iqtisadiyyatın liberallaşdırılması istiqamətində bir çox addımlar atılmışdır.
Nəhəng dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti və müdrik qərarları ilə səciyyələnən Heydər Əliyevin siyasi fəaliyyəti bu dahi şəxsiyyətin dünya şöhrətli siyasi xadim kimi tanınmasına xidmət etmişdir. O, nəinki Azərbaycan xalqının sevimlisi olmuş, eyni zamanda dünyanın mütərəqqi insanlarının hörmət və məhəbbətini qazanmışdır. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Amerika tarixçisi Odri Aldstad "Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir", Moskva meri Yuri Lujkov "Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq", ABŞ prezidlenti Corc Buş "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur" -demişlər. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətinin ucalığını səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxr hissi duyur.
Unudulmaz rəhbərimiz hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış, iti təfəkkürü, müdrikliyi, təkrarsız siyasətçi keyfiyyətləri ilə el-obamızı dünyaya tanıtmışdı. O, qəti olaraq bəyan etmişdi: "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur". Bundan işıqlı, bundan aydın siyasi ideya ola bilməz.
Bütün dünya bunu yaxşı görüb dərk edir və lazımınca qiymətləndirib. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin işlərini, onun dəyərli irsini örnək kimi qəbul edirdi, çünki bu siyasətçilər hələ sovetlərin zamanından Heydər Əliyevin nələrə qadir olduğunun şahidi idilər. Azərbaycanda neft ehtiyatlarının xarici bazarlara etibarlı nəqlini təmin edən inftratsruktur sisteminin yaradılması məhz ulu öndərin təşəbbüsü və rəhbər qətiyyəti sayəsində mümkün olmuşdur. Belə ki, xarici şirkətlər ilə birlikdə hasil olunan neftin və qazın iri həcmli nəqli etibarlı boru kəmər yolunun yaradılmasını tələb edirdi. Azərbaycanda çoxvariantlı boru nəqliyyat infrastrukturunun formalaşdırılması məqsədilə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında ilk öncə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu. Əsas ixrac boru kəmərinin seçim marşrutu üzrə beynəlxalq təzyiqlərin mövcud olmasına baxmayaraq, müdrik öndər Heydər Əliyevin uzaqgörən qərarı ilə Baki-Tbilisi-Ceyhan marşrutu əsas ixrac yolu kimi seçildi, 2002-ci ildə bu boru kəmərinin tikintisinə başlandı və layihədə Azərbaycan Respublikasının iştirak payı məhz Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirildi. Bu gün artıq Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyət göstərməsi və bu fəaliyyətin ildən ilə genişlənməsi milli neft strategiyasının mühüm qələbəsi kimi qəbul edilir. Əfsanədən reallığa çevrilmiş bu boru kəmərinin istifadəyə verilməsinin müsbət nəticəsi olaraq ölkənin karbohidrogen ehtiyatlarının etibarlı şəkildə nəqlini və xarici bazarlara ixracını təmin edəcək boru nəqliyyat sistemi formalaşmışdır. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti ilə əlaqədar Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli həyata keçirlir. Kəmər istifadəyə veriləndən sonra ölkədə coxvariantlı ixrac strategiyasının həyata keçirilməsi imkanı yarandı və eyni zamanda dövlətin tranzit potensialı da bir neçə dəfə artdı. Artıq bu kəmər neftin nəqletmə vasitəsi olmaqla bərabər, Azərbaycan, Gürcüstan, Türkiyə dövlətlərini və Mərkəzi Asiya regionunu birləşdirən bir həlqədir və bu həlqənin yaradılması ilə Azərbaycanın regional liderliliyi möhkəmləndi. 2007-ci ildə Heydər əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri üzrə layihədən Dövlət Neft Fonduna ilk dividentlər daxil olmuşdur və ildən ilə artacaq bu layihə üzrə dividentlər Fondun vəsaitinin artırılmasında mühüm yer tutacaqdır.
Azərbaycanın iri beynəlxalq layihələrdə iştirakı, Böyük İpək Yolunun bərpası, TRASEKA-nəqliyyat dəhlizlərinin reallaşması da ümummilli liderimizin bəşəri xidmətlərindəndir. Ulu öndərimizin vaxtilə bölgələrə etdiyi işgüzar səfərlər yaxşı xatirimizdədir. O, pambıq tarlalarında, taxıl zəmilərində, üzüm plantasiyalarında tez-tez olur, zəhmətkeşlərlə səmimi görüşür, insanların firavan yaşaması üçün yerindəcə tapşırıqlar verirdi. Hakimiyyətdə olduğu bir qərinəlik dövr ərzində rayonlarda yaradılmış istehsal və xidmət müəssisələri onun bilavasitə göstərişləri və layihələri əsasında meydana gəlmişdir.
Dahi Heydər Əliyevin insani keyfiyyətlərində mərhəmət və qayğıkeşlik xüsusiyyətləri əhəmiyyətli yer tutub. Gərgin siyasi fəaliyyət ilə məşğul olduğu dövrdə Heydər Əliyev əhalinin sosial problemlərini, xüsusilə də Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində öz doğma yurdlarından didərgin salınmış, ağır şəraitdə yaşayan, əhalinin ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemləri daim diqqət mərkəzində saxlamış və bu məsələlərin həllinə xüsusi önəm və qayğı yetirmişdir. Təsadüfi deyil ki, ulu öndərin qərarı ilə Neft Fondundan ilk vəsait məhz bu təbəqənin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmiş və bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisi işləri həyata keçirildi. 2001 və 2002-ci illərdə bu tədbirlərin maliyyələşdirilıməsini təmin etmək məqsədilə Prezident Heydər Əliyev tərəfindən Dövlət Neft Fondundan vəsaitin ayrılması barədə Fərmanlar imzalanmışdır. Qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ulu öndərin apardığı məqsədyönlü siyasət hazırda Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədlə son illər ərzində Prezident tərəfindən bir neçə Sərəncam və Dövlət Proqramları qəbul edilmiş və bu qərarlara uyğun olaraq Azərbaycanın müxtəlif ərazilərində zəruri infrastrukturu ilə birlikdə yaşayış qəsəbələri, sosial-məişət və digər obyektlər tikilərək, qaçqın və məcburi köçkünlərin istifadəsinə verilmişdir. Bu istiqamətdə görülən tədbirlərin və dahi Heydər Əliyevin miras qoyduğu təməl xəttinin mühüm nəticəsi olaraq 2007-ci ilin sonunda Sabirabad rayonunda yerləşən son Qalaqayın çadır düşərgəsi ləğv edilib və burada məskunlaşmış məcburi köçkünlər yeni qəsəbələrə köçürülmüşdür.
Ulu öndər Heydər Əliyevin yaratdığı təməl əsasında Azərbaycanın bütün sahələrində sıçrayışlı inkişaf əldə edilir və bu inkişaf ölkənin iqtisadi artım tempinə, sənaye istehsalının, investisiyaların həcminə, büdcə imkanlarının genişlənməsinə əhəmiyyətli təsir göstərir. Ölkənin durmadan artan maliyyə imkanları hesabına yeni layihələr həyata keçirilir, regionların inkişafı, infrastrukturun yeniləşməsi, qeyri-neft sektorunun tərəqqisi, yeni iş yerlərinin açılması istiqamətində saysız nailiyyətlər əldə edilir. Ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin həyata keçirilməsində Dövlət Neft Fondunun da mühüm töhfəsi var.
Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutub. Bu iki iri su layihələrinin reallaşması milli neft strategiyasının məntiqi nəticələri sırasına daxil olacaqdır. Belə ki, Strategiyanın ilk mərhələsində neftin ixracını təmin edəcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri inşa olundu, növbəti mərhələdə neftin ixracından əldə edilmiş gəlirlər hesabına su kəməri tikilməyə başlandı və bununla da neft gəlirlərinin xalqın rifahına yönəldilməsi məqsədi öz hədəfini tapacaq.
Ümummilli lider Heydər Əliyevin strateji siyasi xətti və ideyaları əsas tutularaq, ölkənin durmadan artan maliyyə imkanları hesabına regionun inkişafında mühüm yer tutan beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələrin həyata keçirilməsi prosesi uğurla davam etdirilir. Bu layihələrdən biri kimi, Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası regionun inkişafına əhəmiyyətli təsir edir. Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan bu layihə Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə, ölkəyə böyük mənfəət gətirəcək, respublikamızın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır. "Dəmir İpək yolu" adlanan Bakı-Tbilisi-Qars yeni dəmir yolu regional əhəmiyyətə malik olmaqla bərabər, Asiya ilə Avropanı da birləşdirən bir nəqliyyat dəhlizinə çevrilir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən üç layihə - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələri region dövlətlərinin çoxsahəli münasibətlərini inkişaf etdirməklə bərabər, bu dövlətlərdə sabitliyin qorunmasında və iqtisadi inkişafın daha sürətlə getməsində mühüm əhəmiyyətə malikdirlər.
Ölkənin kadr potensialının inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin miras qoyduğu təcrübə yolu da bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaradacaqdır. Bu proqramın ilk növbədə Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi "qara qızılın insan kapitalına çevrilməsi" ideyasının reallaşmasına doğru atılmış və uzun illər üçün hesablanmış strateji bir addımdır.
Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orda ümummilli liderimizin əlinin izi olmasın. Azərbaycanın sürətli inkişafının təməl daşları da məhz Heydər Əliyevin qüdrətli əlləri ilə hörülüb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin siyasi kursu bu gün onun layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən nəinki uğurla davam etdirilir, eyni zamanda daha da inkişaf etdirilir, zənginləşdirilir. İndi Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada birincidir, əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Azərbaycanın nüfuzu gündən günə artmaqdadır. Əminik ki, ulu öndərimizin bütün arzuları çin olacaq, Azərbaycan dünyanın ən qüdrətli dövlətləri arasında özünə layiq yüksəkliyə ucalacaqdır.
Şahmar Mövsümov,
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.