oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

AÇG yatağının birgə işlənməsi üzrə layihədə ARDNŞ-nin iştirak payı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (16.05.2007)

Azərbaycan Respublikasının 1994-cü il 2 dekabr tarixli 933 nömrəli Qanunu ilə təsdiq edilmiş 1994-cü il 20 sentyabr tarixli "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a.s., LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN INK., PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A.O., YUNOKAL XƏZƏR LTD arasında Saziş"ə (bundan sonra "Saziş") əsasən, hasil edilən mənfəət karbohidrogenlərinin 10 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payına düşür.

"Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 dekabr tarixli 240 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının payına düşən xam neftin və qazın satışından əldə edilən gəlirlərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin formalaşma mənbələrindən biri kimi müəyyən edilməsi ilə əlaqədar 2003-cü ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sazişdəki iştirak payına düşən xam neftin satışından əldə edilmiş 102.312.436.24 ABŞ dolları məbləğində gəlirlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna köçürülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 7 fevral tarixli 849 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirakçısı olduğu layihələrdə onun iştirak payına düşən gəlirlərin Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin formalaşma mənbələrindən istisna edildiyini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Neft Fonduna tapşırılsın ki, Saziş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 faiz iştirak payına düşən və 2003-cü ilədək Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabında toplanmış 102.312.436.24 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hesabına köçürülməsini təmin etsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 16 may 2007-ci il.