oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya Siyasətinə daxil edilən yeni investisiya alətlərinə dair görülmüş işlər haqqında məlumat

23 Jul 2012 15:03:02

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya Siyasətinə daxil edilən yeni investisiya alətlərinə dair görülmüş işlər haqqında məlumat

23 Jul 2012 15:03:02

Qızıla investisiyaya dair son məlumat:

“2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)”na (İnvestisiya siyasəti) əsasən ARDNF-nin vəsaitlərinin bu il üçün qızıla investisiya edilə bilən miqdarı investisiya portfelinin maksimum 5%-i həddində müəyyən edilmişdir.

Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının (təqribən 30 ton) mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdır. Bu strategiya zamanı Fondun qızıl investisiyalarının iki ilin sonundakı dəyəri bu müddət ərzində təqribən qızılın orta bazar qiymətinə bərabər olacaqdır.

Cari ilin fevral ayından başlayaraq qızılın alışına başlanılmışdır. Alqı-satqıları həyata keçirmək məqsədi ilə London Qiymətli Metallar Bazarı İştirakçıları Assosasiyasının üzvü olan bir neçə tərəfdaş bankla hesablar açılmış və 1 fevral 2012-ci il tarixindən etibarən həftəlik 25 qızıl külçənin (10 000 troya unsiyası) alınmasına başlanılmışdır. İyul ayının 1-ə qədər 6 847 kq (220 146 troya unsiya) qızıl investisiya portfelinə daxil edilmişdir. Müvəqqəti saxlama yeri kimi bu sahədəki təcrübələri və saxlama xərcləri nəzərə alınaraq JP Morgan bankının London anbarı seçilmişdir.

İlin sonunadək əlavə 240 000 unsiya (təqribən 7,5 ton) qızılın alınması nəzərdə tutulur.

Eyni zamanda, Fondun bugünə qədər alınmış qızıl ehtiyatlarından əlavə gəlirliliyin əldə edilməsi məqsədilə, həmin ehtiyatların bir hissəsi hal-hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilmişdir.

Daşınmaz əmlaka investisiyalara dair son məlumat:

2012-ci ilin investisiya siyasətinə görə ARDNF-nin vəsaitlərinin maksimum 5%-i daşınmaz əmlaka investisiya edilə bilər. Fond ilkin mərhələdə Avropa və Asiyanın mərkəzi şəhərlərində yerləşən ofis tipli daşınmaz əmlaka investisiya etməyi planlaşdırır.

Bu ilin əvvəlindən etibarən daşınmaz əmlak bazarının öyrənilməsi məqsədilə ARDNF-nin əməkdaşları London, Paris, Moskva, İstanbul şəhərlərinə səfər edərək müxtəlif daşınmaz əmlak şirkətləri ilə görüşlər keçirmişlər. Eyni zamanda bu görüşlərlə yanaşı həmin şəhərlərdə müxtəlif daşınmaz əmlak obyektlərinə baxılmışdır. Bununla yanaşı, hüquq məsləhətçiləri ilə birgə səmərəli hüquq-vergi strukturunun qurulması üzərində işlər aparılır.

Hal-hazırda London, Paris, Moskva, İstanbul şəhərlərindən əlavə olaraq Sinqapur, Malayziya, İndoneziya kimi ölkələrin mərkəzi şəhərlərində də müxtəlif daşınmaz əmlak obyektləri nəzərdən keçirilir.

Digər yeni valyutalara dair:

2012-ci ilin investisiya siyasətinə əsasən Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında, 40 faizi AVRO-da və 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir. Qalan 5 faiz isə Kanada, Yaponiya, Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya, Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” (Standard ənd Purz, Fiç) və ya “A2” (Mudiz) kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

· Türkiyə lirəsinə investisiyaya dair son məlumat:

Türkiyə lirəsinə ediləcək investisiyalar ilə bağlı Türkiyəyə işgüzar səfərlər edilmiş və həmin ölkənin dövlət və maliyyə qurumları ilə müxtəlif görüşlər keçirilmişdir. Türkiyənin yerli bankları ilə əlaqələr qurulmuş və əməliyyatların həyata keçirilməsi üçün hesablar açılmışdır. İyul ayında 800 milyon Türkiyə lirəsi (TRY) alınaraq Türkiyənin yerli banklarında qısamüddətli depozitlərə yerləşdirilmişdir.

Yaxın gələcəkdə Fondun investisiya portfelində Türkiyə lirəsinin daha da artırılması nəzərdə tutulur. Növbəti mərhələdə həmçinin Türkiyə lirəsində olan qiymətli kağızlara investisiyalar planlaşdırılır.

· Rusiya rubluna investisiyaya dair son məlumat:

Rusiya rubluna ediləcək investisiyalar ilə bağlı Rusiyaya işgüzar səfərlər edilmiş və həmin ölkələrin dövlət və maliyyə qurumları ilə müxtəlif görüşlər keçirilmişdir. Rusiyanın yerli bankları ilə əlaqələr qurulmuş və hal-hazırda alqı-satqı əməliyyatlarının həyata keçirilməsi üçün hesabların açılmasına dair danışıqlar aparılır. Yaxın zamanda hesabların açılması planlaşdırılır. Bu hesablar açıldıqdan sonra ilkin mərhələ kimi Rusiya rublunun alınaraq Rusiyanın yerli banklarında qısamüddətli depozitlərə yerləşdirilməsi və növbəti mərhələdə isə həmçinin Rusiya rublunda olan qiymətli kağızlara investisiyalar planlaşdırılır.

· Avstraliya dollarına investisiyaya dair məlumat:

Valyuta ehtiyatlarının diversifikasiyası məqsədilə iyul ayında 200 milyon Avstraliya dolları alınaraq Avstraliyanın dövlət istiqrazlarına investisiya edilmişdir.

Səhmlərə investisiya ilə bağlı son məlumat:

Fondun 2012-ci il üzrə investisiya siyasətinə əsasən ARDNF-nin vəsaitlərinin 5%-ə qədəri səhmlərə investisiya oluna bilər. ARDNF-nin səhmlərə investisiyaları ilkin mərhələdə xarici menecerlər vasitəsi ilə həyata keçiriləcəkdir ki, onların seçilməsi də Xidmət Təklifləri Sorğusu (XTS) üsulu ilə aparılmışdır. XTS hazırlanarkən ən yaxşı beynəlxalq standartlar əsas götürülmüş və xarici məsləhətçilərin tövsiyyələri nəzərə alınmışdır. Sorğuda ümumilikdə bu sahədə beynəlxalq səviyyədə kifayət qədər nüfuzlu beş şirkət iştirak etmiş və onlardan ikisi (UBS Global Asset Management, State Street Global Advisors) xarici menecer kimi seçilmişdir. Fondun səhm investisiyaları xarici menecerlər tərəfindən passiv idarəetmə üsulu ilə idarə olunacaqdır. Bu investisiyalar üçün hədəf kimi əsasən inkişaf etmiş ölkələrin 1600-dən çox nüfuzlu iri şirkətlərinin yer aldığı səhm bazarı indekslərindən olan MSCİ World indeksi seçilmişdir.

Hal-hazırda dünya maliyyə bazarlarında, o cümlədən səhm bazarlarında müşahidə olunan ciddi qiymət dəyişkənliyi riskini, eləcə də tarixi tendensiyaya görə yay aylarında səhmlərin qiymətinin düşmə trendi izləndiyini nəzərə alaraq ARDNF-nin ilkin səhm investisiyalarının həyata keçirilməsi üçün sentyabr ayına qədər gözlənilməsinə qərar verilmişdir.

Xəbərlərə abunə ol