30 may tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Fondun yaradılmasının 20 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq tələbələr arasında keçirilmiş “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinin final mərhələsi baş tutub.
Müsabiqədə iştirak üçün 11 universitetdən 63 komanda müraciət edib. 24 may tarixində keçirilmiş yarımfinal mərhələsində iştirak imkanı əldə edən 8 komandadan 4-ü finala keçmişdir. Müsabiqə zamanı komandaların təqdimatları, investisiya seçimi və analitik təhlil bacarıqları, eyni zamanda sual-cavab hissəsinə hazırlıqları münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir.
Birinci yer uğrunda mübarizədə münsiflər heyətinin qərarı ilə “Stockholmers” (Bakı Mühəndislik Universiteti) komandası müsabiqənin qalibi olmuşdur. (“Blue Chip” (Azərbaycan Dövlət İqtisad Universiteti), “Intangibles” (Xəzər Universiteti)) komandaları isə müvafiq olaraq II və III yerləri qazanmışlar. Müsabiqə mükafatları I yer üçün 5000 AZN, II yer üçün 3000 AZN və III yer üçün 1000 AZN nəzərdə tutulmuşdur. Bununla yanaşı finalda iştirak edən komandaların üzvlərinə sertifikatlar təqdim edilmiş və müsabiqədə fərqlənən iştirakçılar ARDNF-nin müvafiq departamentində 1 aylıq təcrübə keçmək imkanı qazanmışdır.
“Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsidir. Bu yarışmada iştirakçı komandalardan əsas tələb müvafiq xüsusiyyətlərə uyğun səhmin seçimi, həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi və təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi olmuşdur.