Azərbaycan Respublikası Dövlət Neft Fondunda Yay Təcrübə Proqramı başa çatıb.
Təcrübə proqramının davam etdiyi 2 ay ərzində təcrübəçilər, İnvestisiya, Risklərin idarəedilməsi, Neft kontraktları, İnsan resursları, Büdcə proqnozlaşdırma və layihələr, Mühasibat uçotu və hesabatı, İctimaiyyətlə əlaqələr, Daxili audit, Hüquq, İnformasiya texnologiyaları kimi fərqli departamentlərdə və İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin idarəedilməsi şöbəsində real iş proseslərində iştirak edib əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik vərdişlər qazanmaq imkanı əldə ediblər.
11 avqust tarixində Təcrübə proqramının bağlanış və təltifat mərasimi ARDNF-nin rəhbər heyətinin nümayəndələri, struktur bölmə rəhbərləri və mentorların iştirakı ilə baş tutub. Tədbir zamanı təcrübə proqramı ilə bağlı təəssüratlarını bölüşən təcrübəçilər çıxışlarında Fondda əldə etdikləri bu unikal təcrübənin onlara qazandırdığı yeni bacarıqlar, dünya görüşü və inkişaf imkanları barədə danışıblar.
Təcrübəçiləri sertifikatla təltif edən ARDNF-nin İnvestisiya departamentinin direktor müavini Fərhad Zeynalov gənc təcrübəçilərə xidmətlərinə görə təşəkkür edib, öz şəxsi təcrübəsini paylaşaraq onların gələcək karyeralarına dair öz tövsiyyələrini bildirib və müvəffəqiyyətlər arzulayıb.