oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı Direktoru 2007-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

25 Jan 2008 11:00:00

Neft Fondunun İcraçı Direktoru 2007-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

25 Jan 2008 11:00:00

2008-ci il yanvarın 25-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov mətbuat konfransı keçirmişdir. O, Fondun 2007-ci ildə fəaliyyətinə dair təqdimatla çıxış etmiş və kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırmışdır.

Ş. Mövsümov mətbuat konfransında Neft Fondunun 2007-ci ildə gəlir və xərcləri barədə hesabatını açıqlamışdır:

2007-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 1 872,3 milyon manat, büdcə xərcləri isə 1 061,2 milyon manat təşkil etmişdir. Fondun 2007-ci il büdcəsinin gəlir hissəsi 120,3%, xərc hissəsi isə 95,1% yerinəyetirilmişdir.

2007-ci il ərzində Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 800,0 milyon manat, o cümlədən mənfəət neftinin satışından 1 675,0 milyon manat, akrhesabı ödənişlərdən 5,6 milyon manat, bonus ödənişlərindən 58,1 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,3 milyon manat, Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən isə 60,0 milyon manat təşkil etmişdir.

Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 72,3 milyon manata bərabər olmuşdur.

2007-ci il ərzində Neft Fondunun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar gəlirləri 13,9 milyon manata bərabər olmuşdur.

Hesabat dövrü ərzində Neft Fondunun 2007-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 154,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 76,9 milyon manat və 132,9 milyon manat vəsait ayrılmışdır. 585,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmiş, 20,7 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı ilə bağlı ARDNŞ-ə 87,6 milyon manat vəsait ödənilmişdir. 2007-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 4,0 milyon manat olmuşdur.

2007-ci ildə Fondun vəsaitlərinin idarə edilməsi üzrə gəlirlilik - hesabat valyutası üzrə (Azərbaycan manatı) 5,04 %, baza valyutası üzrə (ABŞ dolları) isə 8,28 % təşkil etmişdir.

2008-ci il yanvarın 1-ə Fondun aktivləri 1 021 mln ABŞ dolları artaraq 2092,4 mln. manata (2475,4 milyon ABŞ dolları) bərabər olmuşdur.

Xəbərlərə abunə ol