Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il iyunun 13-də Azərbaycanda səfərdə olan Qazaxıstan Milli Bankının müavini Daniyar Akişevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanın pul-kredit siyasəti, mövcud bank sistemi, Neft Fondunun fəaliyyəti sahəsində təcrübəsinin öyrənilməsidir. Səfər zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud ticarət və iqtisadi əlaqələrin də müzakirə edilməsi nəzərdə tutulmuşdur.
Görüşdə Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, maliyyələşdirdiyi layihələr, Fondun vəsaitlərinin idarə olunması və xarici maliyyə bazarlarında yerləşdirilməsi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə eyni zamanda ölkəmizdəki mövcud iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.