Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2004-cü il tarixli Sərəncamı ilə yaradılmış Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri-hökumət təşkilatları) Koalisiyası arasında 2004-cü il noyabrın 24-də Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma uyğun olaraq, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə hesabatların birbaşa olaraq audit şirkətinə təqdim olunması nəzərdə tutulur. Memoranduma əsasən təsis edilmiş Seçim Qrupu həmin hesabatları tutuşduraraq təhlil edəcək audit şirkətini seçəcəkdir.
Memoranduma əsasən MHŞT üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2009-cu ilin ilk 6 ayını əhatə edən hеsаbatların auditinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilməsini təmin etmək məqsədilə audit xidmətlərinin müsabiqə yolu ilə satın alınması üçün Memorandumla təsdiq olunmuş Seçim Qrupuna təşkilati və maddi-texniki dəstək göstərən Azərbaycan Respublikası Dövlət Neft Fondu "Dövlət Satınalmaları haqqında " Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir.
Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan dünyada tanınmış nüfuzlu beynəlxalq auditor təşkilatları (bundan sonra "xidmət göstərənlər") öz təkliflərini Xidmət Təklifləri Sorğusunun (bundan sonra "XTS") tələblərinə əsasən 14 iyul 2009-cu il saat 18.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.
Müsabiqə ilə bağlı digər məlumatları almaq üçün xidmət göstərənlər MHŞT üzrə Komissiyanın və audit şirkətini seçmək üçün yaradılmış Seçim Qrupunun əlaqələndirici şəxsləri ilə 498-77-53 (daxili 129) nömrəli telefon və ya farid.farzaliyev@oilfund.az ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.
MHŞT-nin Azərbaycanda həyata keçirilməsi barədə məlumatlarla Fondun www.oilfund.az İnternet ünvanında yerləşən saytında tanış olmaq mümkündür.