Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2009-cu il mayın 27-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Ş. Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu, Azərbaycanın MHŞT üzrə beynəlxalq İdarə Heyətində təmsilçiliyi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Ə.Aləm Dövlət Neft Fondunun MHŞT-nin tətbiqi sahəsində uğurlarını və Fondun öz fəaliyyətində şəffaflığı təmin etməsini yüksək qiymətləndirdiyini qeyd etmişdir.
Görüşdə eyni zamanda dünya maliyyə bazarlarındakı mövcud vəziyyət, Dünya Bankının proqramlarının səmərəliliyi, Dünya Bankı və Azərbaycan arasında gələcək əməkdaşlıq, ölkəmizdə aparılan iqtisadi islahatlar, neft gəlirlərinin artmasının ölkəyə təsiri, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.