2011-ci il fevralın 11-də Azərbaycanda fəaliyyət göstərən "Bahar Energy Operating Company Limited" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla "Bahar Energy Operating Company Limited" şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on dördüncü hesabat dövrü (2010-cu il) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.
Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 31-ə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha doqquz şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO, Apsheron Investments Ltd, GDF SUEZ Eksploreyşn Kaspian B.V., Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited və Neftechala Operating Company Ltd, Shirvan Operating Company Limited şirkətləri qoşulub.