2011-ci il fevralın 23-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir. İclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan Respublikası hökumətinə ödənişləri və Azərbaycan Respublikası hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə növbəti - on dördüncü hesabat mərhələsi üzrə hesabatlarını (2010-cu il üzrə) tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədilə keçirilən müsabiqənin nəticələri müzakirə edilmişdir. Çoxtərəfli Qrup auditin müsabiqəyə təklif təqdim etmiş 7 şirkət (Deloyt, PrisevaterhausKupers, Ernst ənd Young, Euro Audit MMC - Nexia İnternational beynəlxalq audit şirkətinin üzvü, Mur Stefens, Baker Tilly Audit Azərbaycan, MAK Azərbaycan LTD.) arasından "Mur Stefens" (Moore Stephens) şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar vermişdir.
İclasda həmçinin 2011-ci il 2-3 mart tarixlərində Parisdə keçiriləcək MHŞT üzrə Qlobal Konfransda "MHŞT üzrə Milli Sərgi" və digər məsələlərə dair müzakirələr aparılmışdır.