2011-ci il martın 2-3-də Fransanın paytaxtı Paris şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 5-ci Qlobal Konfrans keçirilir. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edir.
Konfransın ilk günündə MHŞT-nin İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər, o cümlədən İdarə Heyətinin yenidən seçilməsi, MHŞT sahəsində əldə olunmuş nailiyyətlər və s. müzakirə edilmişdir. Azərbaycan Beynəlxalq İdarə Heyətinə yenidən üzv seçilmiş və Şahmar Mövsümov İdarə Heyətinin alternativ nümayəndəsi seçilmişdir.
Dövlət Neft Fondunun İcraçı Direktoru konfransda MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı çıxış etmişdir. İcraçı Direktor nitqində Azərbaycanın MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi uğurlardan bəhs etmişdir. Şahmar Mövsümov qeyd etmişdir ki, Şəffaflıq Təşəbbüsünün tətbiqi nəticəsində hər bir vətəndaş hər barel neft, hər kub metr qazın satışından hökumətin əldə etdiyi hər dollar vəsait barədə məlumat ala bilər.