Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2011-ci ilin Yanvar-Mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri 3 259,6 milyon manat, büdcə xərcləri isə 1399,6 milyon manat təşkil etmişdir.
2011-ci ilin Yanvar-Mart ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3197,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3077,6 milyon manat, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 16,3 milyon manat, tranzit gəlirləri 1,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,3 milyon manat.
Ötən rüb ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 62,0 milyon manata bərabər olmuşdur.
Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 1330,0 milyon manat vəsait dövlət büdcəsinə transfer edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 20,1 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 39,0 milyon manat və 2,3 milyon manat vəsait ayrılmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 3,3 milyon manat vəsait ayrılmışdır. 2,2 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. 2011-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,7 milyon manat olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri 423,4 milyon manat təşkil etmişdir.
2011-ci il aprelin 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 13,3 % artaraq 25796,9 milyon ABŞ dollarına bərabər olmuşdur.