2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Gürcüstanın Prezidenti cənab Mixail Saakaşvilinin və Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ikitərəfli Saziş (Bundan sonra - İkitərəfli Saziş), habelə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi (bundan sonra - Kreditor) və “Marabda Kartsaxi Dəmir Yolu” MMC (bundan sonra - Borcalan) arasında “Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” (bundan sonra - Kredit Müqaviləsi) imzalanmışdır.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.
2011-ci il mayın 18-də Bakı şəhərində İkitərəfli Sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanmışdır. Bu dəyişikliklər əsasında 01 iyul 2011-ci il tarixində Kreditor və Borcalan arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanmışdır.
Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki dəmir yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına həyata keçiriləcəkdir. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan Respublikası tərəfindən 775 milyon ABŞ dolları, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon ABŞ dolları və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon ABŞ dolları, həcmində kredit vəsaitinin ayrılması nəzərdə tutulmuşdur. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan – Koordinasiya Şurası yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentini 21 fevral 2007-ci il tarixli 1974 nömrəli Sərəncamına edilmiş dəyişikliklərə əsasən, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin Marabda – Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə Respublikası ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılmışdır:
Komissiyanın sədri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Sərəncama əsasən “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin həyata keçirilməsi Azərbaycan Respublikası Höküməti tərəfindən işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli Sərəncamına uyğun olaraq, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (bundan sonra – Fond) həyata keçirir. Bu Sərəncama müvafiq olaraq, Azərbaycan Respublikası Hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank “Azərbaycan Beynəlxalq Bankı” ASC (bundan sonra – Bank) təyin edilmişdir.
Layihə üzrə Dövlət Neft Fondu (ARDNF) tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (Kreditor) ümumilikdə 745.9 mln. ABŞ dolları vəsait ayrılmışdır.