Layihənin təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuşdur.
“STAR” neft emalı zavodu Türkiyənin iqtisadi cəhətdən kifayət qədər güclü hesab olunan qərb hissəsində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində inşa edilməklə İzmir və İstanbul ərazilərində daxili bazarın tələbatını ödəməyə yönəldiləcəkdir. Zavodun iri neft-kimya kompleksi olan Petkimin yaxınlığında tikilməsi şaquli istiqamətdə inteqrasiya yaratmaqla yüksək səmərəliliyə səbəb olacaqdır.
Neft emalı zavodunun ümumi gücü 10 milyon ton təşkil edəcək və zavodun əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti çıxış edəcəkdir. Zavodun istehsal edəcəyi təqribən 1,6 milyon ton nafta Türkiyədə neft-kimya sənayesinin xarici ölkələrdən xammal asılılığını azaldacaq, dizel və aviasiya yanacağı cari hesab defisitinin azalmasına yardım edəcək və neft-kimya sənayesi məhsulları üçün xammal rolunu oynayacaqdır.
Layihənin Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (bundan sonra - STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 4 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Sərəncama əsasən nizamnamə kapitalı 1 900 milyon ABŞ dolları təşkil edən səhmdar cəmiyyət (bundan sonra - Cəmiyyət) yaradılmış və Cəmiyyətin səhmlərinin 40%-nin maliyyələşdirilməsi ARDNF-yə tapşırılmışdır.
Sərəncama əsasən dövlətə məxsus səhmlər üzrə dividendlər Dövlət Neft Fonduna köçürülməlidir.
Bununla bağlı, mövcud maliyyə modelinə əsasən əldə olunan sərbəst vəsaitlər ilkin olaraq borc kapitalının qaytarılmasına və STAR zavodunun saxlanma xərclərinin ödənilməsinə yönəldiləcəkdir.
Bundan sonra dividentlərin Fonda ödənilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2016-cı il tarixli 1804 saylı Sərəncamı ilə “STAR layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamında edilmiş dəyişikliklərə əsasən Cəmiyyətin nizamnamə kapitalının həcmi 1 900 milyon ABŞ dollarından 2 412,0 milyon ABŞ dollarına qədər, Cəmiyyətin dövlət mülkiyyətində olan 40%-lik səhm payının dəyəri 964,8 milyon ABŞ dollarına qədər artırılmışdır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2017-ci il tarixli 3136 saylı Sərəncamı ilə Cəmiyyətin nizamnamə kapitalının həcmi 2 412,0 milyon ABŞ dollarından 3 482,0 milyon ABŞ dollarına qədər və Cəmiyyətin dövlət mülkiyyətində olan 40%-lik səhm payının dəyəri 1 392,8 milyon ABŞ dollarına qədər artırılmışdır.
Layihənin əvvəlindən bu günə qədər ARDNF tərəfindən Fondun büdcəsinin icrası çərçivəsində Star layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi məqsədilə 1 392,8 milyon ABŞ dolları məbləğində vəsait ayrılmışdır.
ARDNF "Star" neft emalı kompleksinin tikintisi layihəsində dövlətin iştirak payının maliyyələşdirilməsi üzrə payına düşən öhdəliklərin yerinə yetirdiyini nəzərə alaraq, 2018-ci ildə bu layihəyə dair ödənişlər ARDNF-nin büdcəsinə daxil edilməmişdir.
19 oktyabr 2018-ci il tarixdə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Layihənin toplam dəyəri təqribən 6,3 milyard ABŞ dolları təşkil edir.