2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə daxil edilən digər bir layihə altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisinin maliyyələşdirilməsi layihəsidir. Son vaxtlar Xəzər dənizində işləyən şirkətlər kəşfiyyat və hasilat quyularının qazılması üçün üzən qurğuların çatışmazlığı ilə üzləşiblər. Belə qurğulara həm mövcud, həm də imzalanması planlaşdırılan Hasilatın Pay Bölgüsü Sazişləri üzrə yataqların irimiqyaslı və dərin hissələrində işlənməsinə ehtiyac var. Görüləcək bütün iş həcmini yerinə yetirmək üçün mövcud qurğuların kifayət etməməsi səbəbindən, yeni kəşfiyyat quyularının qazılması üçün ən yeni və müasir qazma qurğularına ehtiyac duyulur.
Üzən qazma qurğusunun tikintisi məqsədilə 10% Dövlət Neft Şirkətinə, 90% Kaspian Drillinq Kompany limited MMC-yə (“KDK” MMC) məxsus Socar Rig Assets MMC yaradılmışdır. ARDNF ilə “KDK” MMC arasında 5 iyul 2013-cü il tarixində imzalanmış nizamnamə paylarının alqı-satqısı müqaviləsinə əsasən Socar Rig Assets MMC-nin 90%-lik payı üzərində sahiblik hüququ ARDNF-yə keçmişdir.
Socar Rig Assets MMC-nin fəaliyyətinə nəzarət ARDNF-dən bir nəfər və Dövlət Neft Şirkətindən bir nəfər olmaqla ümumilikdə iki nəfərdən ibarət Müşahidə Şurası tərəfindən həyata keçirilir. Müşahidə Şurasının Qərarına əsasən Socar Rig Assets MMC-nin adı dəyişilərək “Azerbaijan Rigs” MMC adlandırılmışdır. “Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalının alınması investisiya layihəsi olaraq ARDNF-nin investisiya portfelinə daxil edilir.
Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları (1 005,0 milyon ABŞ dolları – ARDNF-nin payı) təşkil edir. Ümumi olaraq ARDNF tərəfindən layihəyə 904,6 milyon ABŞ dolları vəsait ayrılmışdır və layihənin tikintisi 2018-ci ilin fevral ayında başa çatdırılmışdır.