Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2006-cı il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.
Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2006-cı il büdcəsinin icrası gəlirlər 985 938,7 min manat, xərclər 981 375,9 min manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2006-cı il büdcəsində nəzərdə tutulduğundan müvafiq olaraq 15,4% artıq gəlirlə və büdcə xərcləri üzrə 4,4 % kəsirlə aşağıdakı kimi təsdiq edilsin:
Sıra№-si | Göstəricilər | Min manatla |
Gəlirlər | 985 938,7 | |
1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 896 258,0 |
2. | Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 12 716,3 |
3. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 7 570,9 |
4. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) | 1 797,7 |
5. | Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən Dövlət Neft Fonduna ödənişlər | 10 972,7 |
6. | Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 55 953,3 |
7. | Digər gəlirlər və daxilolmalar | 669,8 |
Xərclər | 981 375,9 | |
1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 110 031,5 |
2. | Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər | 75 409,1 |
3. | Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinə transfert | 585 000,0 |
4. | Oğuz - Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi | 82 748,7 |
5. | Samur - Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 37 000,0 |
6. | Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılması | 90 000,0 |
7. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 1 186,6 |
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyun 2007-ci il