oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

"ARDNF 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (02.07.2012)

Cari ildə xam neftin qiymətinin yüksək səviyyədə qalması şəraitində karbohidrogenlərin istismarı ilə əlaqədar hasilatın pay bölgüsü barədə sazişlərdən Azərbaycan dövlətinə əlavə gəlirlərin daxil olacağını nəzərə alaraq, habelə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üçün büdcə gəlirlərinin dəqiqləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 5.4.1-ci və 5.4.2-ci yarımbəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1145; 2012, № 2, maddə 78) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “10 697 030,6” rəqəmləri “13 721 815,2” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissənin cədvəlində:

1.2.1. 2.1-ci bəndin “Gəlirlərin məbləği (min manat)” sütununda “10 365 432,0” rəqəmləri “13 388 644,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

2.4-1. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar 1 572,6

1.2.3. sonuncu sətrin “Gəlirlərin məbləği (min manat)” sütununda “10 697 030,6” rəqəmləri “13 721 815,2 ” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2012-ci il.