oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsində dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (28.12.2005)

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsinin tikintisi ilə bağlı xərclərin artmasını nəzərə alaraq və bu artımın Azərbaycan Respublikasının həmin layihədəki iştirak payına düşən hissəsinin “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına uyğun olaraq Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 5.4.1-ci və 5.4.2-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, habelə qeyd edilən artımla əlaqədar “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 iyun tarixli 941-IIQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının 2005-ci il icmal büdcəsində müvafiq dəyişikliklərin edilməsini nəzərə alaraq, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 201 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №3, maddə 159) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci bənddə “xərcləri 107 2871,0 milyon manat” sözləri “xərcləri 117 2871,0 milyon manat” sözləri ilə əvəz edilsin;

1.2.3-cü bəndində verilmiş cədvəlin 2-ci sıra nömrəsində xərclərin məbləği göstərilən sütunda “105 000,0” rəqəmi “205 000,0” rəqəmi ilə, cədvəldə xərclərin məbləğinin cəmi göstərilən sütunda “107 2871,0” rəqəmi “117 2871,0” rəqəmi ilə əvəz edilsin.

2.Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3.Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2005-ci il