Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun olaraq, habelə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun bir sıra göstəricilərinin, o cümlədən Azərbaycan Respublikasının 2005-ci il icmal büdcəsinin kəsirinin və xərclərin yuxarı həddinin məbləğlərinin təsdiq edildiyini nəzərə alaraq, qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin gəlirləri 1 078 033,3 milyon manat, xərcləri 1 072 871,0 milyon manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
No | Gəlir mənbələri | Gəlirlərin məbləği (milyon manat) |
1 | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 849 562,5 |
2 | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 43 438,5 |
3 | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 73 875,0 |
4 | Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 110 664,8 |
5 | Digər gəlirlər və daxilolmalar | 492,5 |
Cəmi: | 1 078 033,3 |
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
No | Xərc istiqamətləri | Xərclərin məbləği |
1 | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 202 000,0 |
2 | Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər | 105 000,0 |
3 | Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinə transfer | 750 000,0 |
4 | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 15 871,0 |
Cəmi: | 1 072 871,0 |
4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 1 mart 2005-ci il.