oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun tikilməkdə olan yeni inzibati binası barədə son zamanlar mətbuatda yayılan yanlış məlumatlara dair ARDNF-nin rəsmi açıqlaması

23 Jul 2012 15:00:06

Azərbaycan Respublikası Dövlət Neft Fondunun tikilməkdə olan yeni inzibati binası barədə son zamanlar mətbuatda yayılan yanlış məlumatlara dair ARDNF-nin rəsmi açıqlaması

23 Jul 2012 15:00:06

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bütün fəaliyyət istiqamətlərində daim şəffaflıq prinsiplərinə riayət edir. Fonda dair bütün mühüm informasiyaların Fondun rəsmi veb-səhifəsində yerləşdirilməsi təmin edilir. ARDNF Fonda ünvanlanan bütün sorğulara malik olduğu informasiya çərçivəsində cavab verməyə hazırdır.

ARDNF həyata keçirdiyi bütün satınalma prosedurlarını Azərbaycan Respublikası “Dövlət satınalmaları haqqında” və digər müvafiq qanunlara uyğun olaraq reallaşdırır.

Lakin son zamanlar Fondun şəffaf fəaliyyətinə kölgə salmaq istəyən şəxslər tərəfindən Fondun fəaliyyətinin müxtəlif istiqamətləri üzrə “araşdırmalar” aparılır, Fonda sorğular ünvanlanır, lazımi informasiyalar detallı şəkildə əldə edilir və sonda Fonddan alınmış informasiyalar ictimaiyyətə səhv və təhrif edilmiş şəkildə təqdim edilir.

Son bu cür məlumat bir sıra KİV-lərdə işıqlandırılan Fondun inzibati binası barədə “araşdırma” olmuşdur. Məsələyə qeyri-peşəkar şəkildə yanaşma nəticəsində “araşdırma”nı həyata keçirənlər tərəfindən reallığı əks etdirməyən, tamamilə təhrif edilmiş faktlar (məsələn: Fond tərəfindən 2,6 milyon avro kimi təqdim edilən rəqəm müəllif tərəfindən 26 milyon avro kimi açıqlanmış, layihənin idarə edilməsi və məsləhətçi şirkətlə layihə-axtarış işləri üzrə cavabdeh olan şirkət eyniləşdirilmiş, Fondun büdcəsinin icrası proseduru yanlış təqdim edilmiş və s.) qeyd edilmişdir.

Qeyd edilən səhvlərlə bağlı Neft Fondu tərəfindən “araşdırma”nı reallaşdıran quruma dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilmiş, səhvlərə dair məlumat verilmiş, səhvlərin düzəldilməsi üçün qurum tərəfindən mətbuatda təkzib verilməsi tələb edilmiş, lakin məsələ hələ də öz həllini tapmamışdır. Nəticədə bu səhv informasiyalar bir sıra KİV-lər tərəfindən istifadə edilərək ictimaiyyətdə məsələyə dair yanlış fikir formalaşmasına yönəldilən yazıların yayılmasına səbəb olmuşdur.

ARDNF bu cür yanlış və səhv məlumatların bir sıra KİV-lərdə açıqlanmasına və bu cür qeyri-peşəkar və qeyri-ciddi insanlara istinad edilməsinə təəssüf edir. Fond layihə rəhbərlərinin, KİV-lərin bu cür məsələlərə daha diqqətli və həssas yanaşmasını, bu cür işlərə ən azından rəqəmlərdən və terminlərdən anlayışı olan insanların cəlb edilməsini məqsədəuyğun hesab edir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun tikilməkdə olan yeni inzibati binasına dair ümumi məlumat

Hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 35 min 834 kvadratmetr olacaq binanın ikimərtəbəli yeraltı avtodayanacaqla birgə mərtəbələrinin sayı 26 olacaqdır. Layihə üzrə binada 7 liftin quraşdırılması, Heydər Əliyev muzeyinin, 200 nəfərlik konfrans zalı, yeməkxana, kitabxana, iclas otaqları və s. tikilməsi nəzərdə tutulub.

ARDNF–nin yeni inzibati binası A-sinifli ofis bina standartlarına uyğun olaraq tikilmiş unikal memarlıq abidəsi olacaqdır. A-sinifli ofis binaları yüksək keyfiyyətli, xarici və daxili dizaynı ilə diqqəti cəlb edən, müasir texniki avadanlıqlarla tam təchiz edilən, beynəlxalq standartlar əsasında tikilən binalardır.

Binada iki-qat fasad növündən istifadə olunacaq və o dayanıqlıq və enerji sərfiyyatı tələblərinə uyğun olaraq layihələndiriləcək ki, bu da müasir texnoloji sistemlərin, eləcə də intellektual texnoloji infrastruktur konsepsiyasının tətbiqində nəzərə alınacaqdır. Binada yaşıllıqların salınması və alternativ enerjinin alınması üçün günəş batareyaları, günəş inventorları və s. texnologiyanın tətbiq edilməsi ilə yanaşı "Green Building" kateqoriyasının tələblərinə riayət edilməsi də nəzərdə tutulur.

Bununla yanaşı, inzibati binada inteqrasiya olunmuş bina konsepsiyasına (İntegrated Building) əsaslanan intellektual texnoloji infrastrukturun, bütün kommunikasiya və kommunal şəbəkələrin vahid mərkəzdən idarə edilməsinin avtomatlaşdırılmasını təmin edəcək Bina idarəetmə (Building Mananagement) sistemindən istifadə edilməsi nəzərdə tutulub.

Binanın inşası xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malik Belçikanın “N.V. Besix S.A.” şirkəti tərəfindən həyata keçirilir. Şirkət Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, "Təkliflər sorğusu" metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmişdir. Dövlət Neft Fondu və qeyd edilən şirkət arasında 84 916 000 Avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Xəbərlərə abunə ol