2012-ci il sentyabrın 5-7-dəMeksikanın paytaxtı Mexiko şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) dördüncü iclası keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmişdir.
SFBF-nin iclasında 2011-ci ildə Pekində Santiaqo Prinsiplərinin yerinə yetirilməsi üzrə qərara alınmış öhdəliklər, risklərin idarə edilməsi və investisiya mühiti, açıq investisiya mühitinin təmin edilməsi, eləcə də daxili idarəetmə məsələlərində əldə edilmiş irəliləyişlər barədə fikir mübadiləsi aparılmışdır.
Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.