“2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)”na (İnvestisiya siyasəti) əsasən ARDNF-nin vəsaitlərinin 5%-ə qədərinin Türkiyə lirəsi və Rusiya rublunda ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulmuşdur. İnvestisiya siyasətinə əsasən cari il ərzində artıq Türkiyə lirəsində ifadə olunan aktivlərə ilkin investisiyalar həyata keçirilmiş və Rusiya rubluna investisiyaların həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər tamamlanmışdır.
19 oktyabr 2012-ci il tarixində ARDNF Rusiyanın ən böyük banklarından biri olan Qazprombank-a 3 mlrd. rubl (təxminən 100 milyon ABŞ dolları) dəyərində qısamüddətli depozit yerləşdirərək bu valyutada ilkin investisiyalarına başlamışdır.
ARDNF-nin Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri İsrafil Məmmədovun qeyd etdiyi kimi investisiya Neft Fondunun Rusiya rublunda ifadə olunan aktivlərə nəzərdə tutduğu uzunmüddətli investisiya strategiyasının ilkin mərhələsidir və gələcəkdə bu valyutada ifadə olunan digər maliyyə alətlərinə də müvafiq investisiyaların həyata keçirilməsi nəzərdə tutulur.